ABŞ-ın başçılıq etdiyi İŞİD əleyhinə koalisiyanın 60 üzvü dekabrın əvvəlində ilk dəfə Brüsseldə görüşəcəklər.
Toplantı bəzi Aİ ölkələri üçün təhlükəsizliyin prioritet məsələyə çevrildiyi vaxta təsadüf edib. Koalisiyaya əvvəllər Əfqanıstan qüvvələrinə və ABŞ-ın 150 min əsgərinə komanda verən ABŞ generalı Con Allen rəhbərlik edir. Brüsseldə toplaşmaqda məqsəd koalisiyanın işini əlaqələndirməkdir. Bu barədə "EUobserver" xəbər verir.
"Koalisiya beynəlxalq təhdid kimi İŞİD (İraq və Levant islam Dövləti) əleyhinə mübarizə aparan müxtəlif üzvlərdən ibarətdir", - oktyabrın ortalarında Allen Vaşinqtonda bildirib.
NATO özü təşkilat kimi koalisiyanın üzvü olmasa da, alyansın 28 üzvünün hər biri koalisiyaya qoşulub. NATO gələcəkdə təlim və humanitar missiyalarda koalisiyaya inzibati köməklik göstərə bilər. Bəzi ərəb ölkələri isə qoşulsalar da, ölkə daxilində fikir ayrılığına yol verməmək üçün bunu açıq şəkildə elan etməyiblər.
Yüksək təhlükəsizlik və məxfilik siyasətinə görə, Brüssel tədbirində konkret hansı şəxslərin iştirak edəcəyi dəqiq elan olunmayıb. Buna baxmayaraq, koalisiyanın 5 strateji prioriteti artıq müəyyənləşdirilib.
Bunlardan birincisi hərbi sahə ilə bağlıdır. İŞİD əleyhinə mübarizə üçün İraqda 4 yeni təlim düşərgəsi yaradılacaq. 9-u İraq, 4-ü kürd Peşmergə (kürd polisi) döyüşçülərindən ibarət olan 12 briqadanın yaradılması planlaşdırılıb. Koalisiyanın havadan müdafiə etdiyi 12 briqadaya İraq rəhbərlik edəcək. Bu briqadalar gələn ilin yazından etibarən 1 ilədək fəaliyyət göstərəcəklər. Bundan əlavə, ABŞ qüvvələri də İraqın İŞİD döyüşçülərinin çox olduğu Anbar əyalətindəki yerli döyüşçülərə təlim keçirlər.
2-ci prioritet xaricdən gələn döyüşçülərlə bağlıdır. İŞİD daxilində hazırda müxtəlif ölkələrdən 10 minə yaxın döyüşçü var. Onların əllərinə silah almayan bir qismini "cihad turistləri" də adlandırırlar. Avropalıların da sayı minə yaxındır.
3-cü prioritet İŞİD-in gəlir mənbəyinin qarşısını almaqdır. Döyüşçülər neft sahəsindən, adam oğurluğundan, quldurluqdan, sərhəd-keçid məntəqələrində şantajdan və Suriyanın antik əşyalarını zəngin müştərilərə satmaqdan külli miqdarda qazanc əldə edirlər. Koalisiya qüvvələri bəzi quraşdırma neft emalı zavodlarını və quyu başlıqlarını bombalayıblar. İndi əsas məqsəd beynəlxalq maliyyə sistemində İŞİD-ə gedən pul axınının qarşısını almaqdır. Bu günədək İŞİD mövqelərinə 900-ə yaxın bomba atılıb. Maliyyə vəsaitinin əksəriyyəti Qətər və Küveyt kimi ölkələrdən daxil olur. Hər 2 ölkə qanunsuz pul axınının qarşısını alacağına söz verib.
4-cü prioritet əsasən BMT-nin rəhbərliyi ilə humanitar yardımın göstərilməsidir. İŞİD əleyhinə əks-hücumlardan sonra yerdə qalan əhali zərər çəkə bilər. İŞİD-in Suriyanın sərhəd şəhəri Kobaniyə hücumundan sonra 200 minə yaxın insan Türkiyəyə qaçıb.
5-ci prioritet isə İŞİD döyüşçülərinin dəyərlər sistemini hədəfə almaqla onların nüfuzuna və səlahiyyətlərinə son qoymaqdır.
Müharibədən zərər çəkmiş Suriyada döyüşlərin uzun illər davam edəcəyi gözlənilir. Digər tərəfdən isə Qərb qüvvələri İraqda gələn ildən növbəti 18 ay ərzində nəticə əldə edəcəklərinə ümid edirlər.
İŞİD üçün mücahid toplayan qüvvələr Avropa qanunvericilərinə də təzyiq göstərirlər. Onlar üzv ölkələrin hava nəqliyyatı sərnişinləri haqqında informasiyanı və s. məlumatları paylaşmasına imkan verən ziddiyyətli qanunvericiliyin qəbul edilməsinə çalışırlar.
Xatırladaq ki, Kanada ilə oxşar razılıq Avropa Parlamentində "Yaşıllar" qrupunun ciddi etirazı ilə qarşılanmışdı. Qrup tələb edir ki, Lüksemburqda qərarlaşan Avropa İnsan Hüquqları Məhkəməsi bunu araşdırmalıdır. "Sərnişinlər haqqında informasiyanın paylaşılması təhlükəsizlik haqqında yanlış təsəvvür yarada bilər. Terrorizmlə mübarizədə bu, effektiv deyil, həmçinin buna lüzum da yoxdur", - noyabrın 20-də Almaniyanın yaşıl parlamentarisi Jan Filip Albreh deyib.
Bundan əlavə, Fransa və Britaniya kimi üzv ölkələr döyüş üçün ölkəni tərk edən şəxslərin pasportlarının əllərindən alınmasını istəyir. /eunews.az/


Şərhlər