Almaniya hakimiyyəti dialoqdan yayınır və İkinci Dünya Müharibəsi (1939-1945) zamanı dəymiş ziyana görə Polşaya təzminat ödənilməsi ilə bağlı danışıqlar aparmaq istəmir.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Polşa Xarici İşlər nazirinin müavini və hökumətin təzminat məsələləri üzrə nümayəndəsi Arkadiuş Mulyarçik “Polityce.pl” portalına müsahibəsində bildirib.
“Mən vurğulayıram ki, Almaniya dialoqdan qaçır və Polşaya hərbi təzminat ödəmək barədə danışmaq istəmir”, - diplomat bildirib.
O xatırladıb ki, Almaniya İkinci Dünya Müharibəsi illərində "5,2 milyondan çox Polşa vətəndaşını məhv edib" və "200 min polyak uşağı almanlaşdırmaq üçün " ölkədən çıxarıb.
"Polşanın hərbi təzminat almaq hüququ var idi, lakin heç vaxt onları almadı", - Mulyarçik qeyd edib.
Onun sözlərinə görə, Almaniyanın təzminat məsələsində davranışı Rusiya üçün bir növ “yol xəritəsi” rolunu oynayır: “Əgər Rusiya görsə ki, Almaniya İkinci Dünya Müharibəsi nəticəsində zərər çəkmiş ölkəyə təzminat ödəmək istəmir, deməli, bu, həm də Rusiya üçün bir “yol xəritəsi” ola bilər".
Nazir müavini bu açıqlamanı Aİ xarici işlər nazirlərinin Lüksemburqda Almaniya nümayəndələri ilə təzminat məsələsinin müzakirə olunduğu görüşdən sonra verib.
2022-ci il sentyabrın 1-də Polşa hakimiyyəti 1939-1945-ci illərdə faşist Almaniyasının hücumu və alman işğalı nəticəsində Polşanın verdiyi itkilər haqqında üç cildlik hesabat təqdim edib. Elan edilmiş ümumi məbləğ 6,2 trilyon zloti (təxminən 1,3-1,5 trilyon dollar) təşkil edib.
Oktyabrın 3-də Polşa Daxili İşlər Nazirliyinin rəhbəri Zbiqnev Rau Almaniya Federativ Respublikasına təzminatların ödənilməsi xahişi ilə nota imzalayıb.
Almaniya hökuməti dəfələrlə qeyd edib ki, onlar heç bir ödəniş üçün əsas görmürlər, çünki Polşa 1953-cü ildə təzminatdan rəsmən imtina edib. Varşavada onlar iddia edirlər ki, 1953-cü il müqaviləsi SSRİ-nin təzyiqi ilə imzalanıb və bu, müasir Polşa siyasətçilərinin fikrincə, suveren dövlət olmayan, artıq mövcud olmayan Almaniya Demokratik Respublikası və Polşa Xalq Respublikasına aiddir.
Rüfət
“AzPolitika.info”


Şərhlər