“BMT sülhməramlılarının Malidən çıxarılmasının arxasında PMC “Vaqner”in yaradıcısı Yevgeni Priqojin dayana bilər”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
Kirbi Ağ Evdəki görüşdə jurnalistlərə deyib ki, ABŞ-da Malinin keçid hökumətinin 2021-ci ilin sonundan bəri PMC “Vaqner”ə 200 milyon dollardan çox pul ödədiyi barədə məlumat var. “Birləşmiş Ştatlar PMC “Vaqner”in Afrikadakı sabitliyi pozan fəaliyyətindən narahatdır”.
Kirbi deyib ki, Yevgeni Priqojin öz şəxsi hərbi şirkətinin maraqlarını təmin etmək üçün BMT-nin MINUSMA kimi tanınan sülhməramlı qüvvələrinin Malidən çıxarılmasının planlaşdırılmasına kömək edib.
“Biz bilirik ki, Mali hakimiyyətindəki yüksək rütbəli məmurlar Priqojinin heyəti ilə birbaşa əməkdaşlıq edərək BMT-nin Baş katibinə hökumətin sülhməramlı missiyaya razılığını geri götürməsi barədə məlumat veriblər”, - Kirbi bildirib.
Cümə günü BMT Təhlükəsizlik Şurası MINUSMA missiyasını dayandırmağa səs verib. Bu ayın əvvəlində Mali BMT-nin sülhməramlı qüvvələrindən Mali hakimiyyəti ilə son 10 ildə ölkədə olan sülhməramlılar arasında "etimad böhranı" olduğunu əsas gətirərək, "gecikmədən" oranı tərk etməyi xahiş edib.
İki gün əvvəl Mali Prezidentinin səlahiyyətlərini icra edən polkovnik Assimi Qoita “Twitter”də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından razı qaldığını bildirib.
Con Kirbinin sözlərinə görə, Malidəki mövcud rejimin özəl hərbi şirkət “Vaqner”ə ödədiyi pullara baxmayaraq, orda təhlükəsizlik vəziyyəti yaxşılaşmayıb.
Həm Rusiya, həm də Mali iddia edir ki, oradakı rus döyüşçüləri muzdlu deyil, yerli qoşunlara on ildir davam edən islamçı yaraqlı qiyamla mübarizədə kömək edən təlimçilərdir.
Malinin hazırkı hakimiyyəti 2021-ci ildə hərbi çevriliş nəticəsində hakimiyyəti ələ keçirib və Fransa hərbi missiyasının köməyindən imtina edərək PMC “Vaqner”i ölkəyə dəvət edib.
“AzPolitika.info”


Şərhlər