Menu

"Bizi hərbi qiyam və ordunun parçalanması gözləyir” - “General Popovun bəyanatı təhlükəli əlamətdir”

13.07.2023, 14:51
"Bizi hərbi qiyam və ordunun parçalanması gözləyir” - “General Popovun bəyanatı təhlükəli əlamətdir”

Xəbər verildiyi kimi, Rusiyanın Ukraynanın Zaporojye istiqamətində döyüşən 58-ci ordusunun komandanı, general-mayor İvan Popov ordu rəhbərliyini ittiham edən audio müraciət yayımlayıb. Popov deyib ki, rəhbərliyin “satqınlığını və alçaqlığını” onların üzünə söylədiyi üçün ordu komandanlığından kənarlaşdırılıb.

General qeyd edib ki, Rusiya ordusu artilleriyanın işinin və artilleriya əleyhinə mübarizənin düzgün təşkil edilməməsi, artilleriya kəşfiyyat stansiyalarının olmaması və rəhbərliyin yarıtmaz idarəçiliyi ucbatından olduqca böyük sayda canlı qüvvə itkisi verir.

General Popovun az qala üsyana çağırış xarakteri daşıyan bu müraciəti Rusiyada ciddi əks-səda doğurub.

“AzPolitika.info” xəbər verir ki, Donbas separatçılarının sabiq lideri, hazırda isə Rusiyadakı şovinist və millətçi qüvvələrin aparıcı təmsilçilərindən sayılan İqor Qirkin(Strelkov) general Popovun bəyanatını “çox təhlükəli” adlandırıb və bunun olduqca mənfi tendensiyaya yol açdığını bildirib: “İstefaya göndərilən komandanın ictimaiyyətə müraciəti nonsensdir, ciddi qalmaqaldır, çox təhlükəli presedentdir. Bu, demək olar ki, hərbi qiyamdır. Özü də bu dəfə onu “bataqlıqdan knyazlığa” dırmaşan hansısa cinayətkar yox, əsl general törədir.(Və heç də pis general deyil). Bunun ardınca əksər şərhçilərin düzgün qeyd etdiyi kimi, yalnız hərbi qiyamlar və ordunun nəzarətsiz şəkildə parçalanması gəlir. Bu, artıq əl çatacaq qədər yaxındadır. Bizi nizami ordunun Moskvaya yürüşündən yalnız (döyüş meydanında) bircə böyük məğlubiyyət ayırır”.

Qirkin bunun ardınca açıqlamasında Müdafiə naziri Sergey Şoyqunu və Baş Qərargah rəisi Valeri Gerasimovu növbəti dəfə tənqid və təhqir edib. 

O, Şoyqunu “faner(ka) marşal” adlandırıb, Gerasimovu isə İ.Turgenevin məşhur “Mumu” obrazına bənzədib. Əlbəttə ki, bütün bunlar Rusiya cəmiyyətinin, hərbi-siyasi elitasının və ordusunun hansı acınacaqlı duruma düşdüyü barədə təsəvvürləri daha da aydınlaşdırır.

“AzPolitika.info”   

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol