Böyük Britaniyanın "Anglo Asian Mining" şirkəti Gədəbəy rayonunun Söyüdlü kəndində ikinci tullantı anbarının tikintisi ilə bağlı planları haqqında açıqlama yayıb.
"Azpolitika.info" xəbər verir ki, bu barədə iyulun 17-də şirkətin rəsmi saytında məlumat dərc edilib.
Açıqlamada bildirilir ki, şirkətin ikinci tullantı anbarının tikintisi üçün seçdiyi sahə onun mövcud anbarına yaxındır və Azərbaycan hökuməti bunun üçün lazımi torpaq sahəsi ayırıb: "Lakin yeni anbarın harada olması son vaxtlar etirazlara səbəb olub. Etirazlar başlanandan bəri müxtəlif hökumət idarələri müstəqil laboratoriyaların köməyi ilə mövcud tullantı anbarının ətrafındakı ərazidən nümunələr götürüb. Qonşu əhali arasında hansısa fəsad və ya daha ağır xəstəlik halları müəyyən edilməyib".
"Anglo Asian Mining" bildirib ki, şirkət Gədəbəydə 2009-cu ildən fəaliyyət göstərir və bölgəyə əhəmiyyətli sosial və iqtisadi töhfələr verib.
"Müvafiq olaraq, ikinci tullantı anbarının yeri ilə bağlı qəfil iğtişaşlar gözlənilməz oldu. Buna baxmayaraq, şirkət hökumətlə əməkdaşlıq edərək ikinci tullantı anbarının texniki və ekoloji aspektlərinin, o cümlədən təklif olunan yerin və digər müvafiq məsələlərin ("Ətraf Mühitin Tədqiqatı") yenidən qiymətləndirilməsinə razılıq verib", - açıqlamada vurğulanıb.
Həmçinin qeyd olunub ki, Ətraf Mühitin Tədqiqatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan müstəqil beynəlxalq məsləhətçi tərəfindən aparılacaq. Şirkətin mühəndisləri və müstəqil məsləhətçiləri də prosesdə iştirak edəcəklər: "Şirkət hazırda hökumətlə Ətraf Mühitin Tədqiqatının necə aparılacağına dair protokolu razılaşdırır və onun yaxın günlərdə yekunlaşacağını gözləyir. Ətraf Mühitin Tədqiqatı yekunlaşarkən və bərpa işləri tamamlanarkən, şirkət Gədəbəy əməliyyatının mövcud tullantı anbarına axıdılması ilə nəticələnən hissələrini ixtisar etməyi gözləyir (əsasən, flotasiya və qarışdırma ilə yuyulma qurğularının istismarını). Protokolun təfərrüatları yekunlaşdırıldıqdan sonra dərc olunacaq və şirkət istehsal təlimatına müvafiq olaraq yenidən baxacaq".
"Anglo Asian Mining" bütün müvafiq yerli qanun və qaydalara tam riayət etdiyinə əmin olduğunu bildirir. Şirkət həmçinin hazırkı anbarın divarının ucaldıla biləcəyinə dair texniki təminat aldığını qeyd edib: "Buna görə də şirkət ikinci anbarın tikintisi zamanı kifayət qədər tullantı tutumuna malik olduğuna əmindir".
Şirkət müvafiq olaraq ikinci tullantı anbarının yerinin və digər texniki aspektlərinin yenidən qiymətləndirilməsi ilə bağlı irəliləyiş haqqında yenilikləri təqdim edəcəyini bildirib.
Xatırladaq ki, iyulun 14-də Baş nazir Əli Əsədov Söyüdlü kəndində təbiətə, insanların sağlamlığına yaranmış təhlükəni nəzərə alaraq "Anglo Asian Mining" şirkətinin qızıl mədənində fəaliyyətinin müvəqqəti olaraq dayandırılması ilə bağlı qərar qəbul etmişdi.
"Azpolitika.info"


Şərhlər
Əlbətdə sizinçün gözlənilməz oldu. Çünki elə hesab edirsiniz ki, bizlərin hamısı qoyunuq.
Bu gölün yaradılmasına hamı rüşvət alıb sahə ayırıb ,olan Söyüdlüyə olur ,hanı o yazıçı ,şair ,publisist ,sahəsindən bixəbər deputat Şaiq Qurbanov ? MM-də o komitəyə rəhbərlik edir