Qara dənizdə Rusiya desant gəmisindən sonra dünən gecə neft tankeri də vurulub.

Əməliyyat yenə bomba yüklənmiş kamikadze kater vasitəsilə həyata keçirilib.

Siyasi təhlilçi Şahin Cəfərli bildirir ki, müharibəyə başlayarkən Rusiyanın strateji məqsədlərindən biri Ukraynanı dənizdən təcrid etmək idi. "Bu halda Ukrayna geostrateji əhəmiyyətini və iqtisadi imkanlarını itirmiş adi bir quru parçasına çevriləcəkdi və faktiki olaraq müstəqil, suveren dövlət kimi mövcudiyyətini davam etdirə bilməyəcəkdi", - o əlavə edib.

Ekspertı vurğulayıb ki, Rusiya buna nail ola bilmədi və indi özünün dənizdə sərbəst hərəkət imkanları riskli hala gəlib: "Hərbi gəmiləri Krımdan Novorossiysk limanına geri çəkmişdilər, amma bu da çıxış yolu olmadı. Ukrayna pilotsuz katerlərinin hərəkət məsafəsi 800 km-dən çoxdur, Odessadan Novorossiyskə məsafə isə 700 km-ə yaxındır (Aydındır ki, bu katerlərin qabiliyyətləri davamlı artırılacaq.).

Yəni Ukrayna Qara dənizdə Rusiyanın həm hərbi-strateji, həm də iqtisadi maraqlarına ciddi təhdid yaratmağa başlayıb. Risklər artdığı üçün Qara dəniz vasitəsilə Rusiya neftinin daşınma xərcləri və tankerlərin sığorta xərcləri də ciddi şəkildə yüksələcək, bəlkə də bir çox tanker sahibi bu missiyadan imtina edəcək. Ukrayna ordusu Krıma doğru irəliləməyə nail olarsa, tanker trafiki ümumiyyətlə, dayana bilər".

Ş.Cəfərli hesab edir ki, Rusiya üçün ən yaxşı çıxış yolu müharibəni dayandırıb, Ukrayna ilə sülh imzalayaraq işğal olunmuş əraziləri tərk etməkdir.

"AzPolitika.info"