Avqustun 7-də Türkmənistanın Türkmənbaşı şəhərində ərzaq çatışmazlığına görə yüzlərlə adam etiraza çıxıb və yerli icra başçısı ilə qarşıdurma baş verib.
Qərb mediasının yazdığına görə, etiraz keçirildiyi vaxt ölkə rəhbərliyi və prezident qonşuluqdakı Avaza zonasında istirahət edirdilər. Bazar ertəsi səhərin erkən saatlarından əsasən qadınlar olmaqla yüzlərlə insan şəhər bələdiyyəsinin qarşısına yığılmışdlar. Onlar fevral ayından bəri ərzaq paylarının, o cümlədən un və yağın verilmədiyini bildirir, icra başçısının onların qarşısına çıxaraq cavab verməsini tələb edirdilər.
Ölkədə davam edən ağır iqtisadi vəziyyətə görə bir çox ailələr qiymətləri dövlət tərəfindən tənzimlənən ərzaq məhsullarından asılıdırlar. Müxbirlər bildirirlər ki, belə görünür, etirazın təşkilatçısı olmayıb və o kor-təbii yaranıb.
Qubernator bundan sonra dövlət mağazalarında ucuz çörəyin satışını məhdud da olsa təşkil edəcəyini və başqa özəl mağazalardakı ərzaq qiymətlərinin tənzimlənməsinə çalışacağını vəd edib.
“Başçı o dərəcəyə çatmışdı ki, toplaşanlara yalvarırdı. O, vəd etdi ki, avqustun 25-dən sonra ərzaq məhsullarının pay bölgüsünə başlanacaq. O, habelə deyib ki, adamlar Avazaya yürüş etsələr, prezidentin mühafizəsi onlara qarşı silah tətbiq edə bilər”,- etirazçılardan biri jurnalistlərə deyib.
Başçının bu vədlərindən sonra etirazçılar dağılışmağa razılıq veriblər. Bu hadisələr ölkədə iqtisadi çətinliklərin, işsizliyin, bahalaşmanın, habelə dilənçilik edənlərin və zibilxanalarda ərzaq qalıqları axtaranların artdığı bir vaxtda baş verir.
“AzPolitika.info”


Şərhlər