“Azərbaycanda elektrik enerjisinin istehsalı ilbəil artır, elə bu ilin I yarısında da artıb. Amma iyun ayında vəziyyət dəyişib”.
“AzPolitika.info” xəbər verir ki, bunu enerji sektoru üzrə ekspert İlham Şaban bildirib. Onun sözlərinə görə, Azərbaycanda elektrik enerjisinin istehsalı cari ilin iyununda ilk dəfə azalma nümayiş etdirib. “Energetika Nazirliyinin açıqladığı statistikanı təhlil etdikdə görmək olur ki, ölkədə aylıq elektrik enerjisi istehsalı 2022-ci ilin iyun ayı ilə müqayisədə 254,9 mln kVt/saat azalıb”,- o əlavə edib.
Ekspert daha sonra qeyd edib:
“Daha maraqlısı isə budur ki, iyunda Azərbaycanın idxal etdiyi elektrik enerjisinin həcmi ixracı 7,5 dəfə üstələyib: ixrac - 11,6 mln kVt/saat, idxal isə - 87,2 mln kVt/saat təşkil edib. Özü də apreldən başlayaraq elektrik enerjisinin idxalı fantastik həddə artmağa başlayıb.
Cari ilin II rübündə I rüblə müqayisədə elektrik enerjisinin rüblük ixracı 40,6 dəfə azalıb. Əvəzində iyun ayında idxal əvvəlki 5 ayın orta idxal göstəricisini 8,73 dəfə üstələyib. Yəni Azərbaycanın elektrik enerjisi ilə təminatında kəsir yarandığından idxal kəskin artır, ixrac isə kəskin azalma nümayiş etdirir.
Sual edirəm: Aprel-may ayları Azərbaycanda ideal hava şəraiti olub - nə kondisionerlərdən istifadəyə ehtiyac duyulmayıb, nə də mövsümi faktorlarla əlaqədar insanlar mənzillərinin qızdırılması üçün elektrik enerjisinə ehtiyac hiss etməyiblər. Onda nə baş verib ki, belə bir hal yaşanıb?!
Daha maraqlı bir fakt isə ondan ibarətdir ki, bu ilin I yarımilində ölkədə yağıntının miqdarının artımı, çaylarda suyun bolluğu olarkən, su elektrik stansiyalarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 79,6 mln kVt/saat az elektrik enerjisi istehsal edilib”.
Ekspert bildirir ki, hələlik iyul ayının statistikası açıqlanmayıb, ona görə də bu halın epizodik və ya davamlı olduğuna dair hər hansı mülahizə yürütmək mümkün deyil.
“Amma elektrik enerjisi sektorumuzda indiyə qədər yaşanmayan bir halın baş verdiyi faktdır və onu təbii ki, kənardan sadəcə rəqəmlərə baxıb izah etmək mürəkkəbdir. Buna gərək müvafiq qurumlar işıq sala”, - İ.Şaban vurğulayıb.

“AzPolitika.info”


Şərhlər