Milli Assambleyadakı vida nitqində Baş nazir Şahbaz Şərif ölkənin icra başçısı kimi 16 aylıq fəaliyyətini “həyatının ən çətin sınağı” adlandırıb.
“AzPolitika.info” “Dawn”a istinadla xəbər verir ki, Baş nazir çıxışında “ölkənin ağır iqtisadi böhrana qərq olduğu, neftin qiymətinin yüksək olaraq qaldığı və siyasi xaos hökm sürdüyü üçün 38 illik siyasi karyeramda heç vaxt belə çətin sınaqdan keçməli olmadım” deyib.
Baş nazir bildirib ki, o, müvəqqəti baş nazirliyə namizədləri müzakirə etmək üçün dünən müxalifətin lideri Raca Riaz ilə görüşüb.
Ş.Şərif hökumətin 16 aylıq fəaliyyəti dövründə bir sıra problem və çətinliklərlə üzləşdiyini söyləyərək, "əvvəlki hökumətin uğursuzluğu və səhlənkarlığının yükünü daşımalı olduq" deyib. O, rəhbərlik etdiyi hökumətin heç bir siyasi rəqibini həbsə göndərmədiyini və ya onları haqsız yerə narahat etmədiyini söyləyib. Baş nazir mayın 9-da PTI sədri İmran Xanın rüşvət işi ilə bağlı həbsindən sonra ölkədə etirazların baş qaldırdığı epizodu pisləyib. Etirazlar davam edərkən, bir sıra mülklər, o cümlədən hərbi obyektlər dağıdılıb.
Baş nazir Şahbaz Şərif silahlı qüvvələrə göstərdikləri fədakarlıqlara görə ehtiramını bildirərək, "9 May qara gün kimi yadda qalacaq. Bu, orduya, dövlətə və Ordu Baş Qərargah rəisi general Asim Munirə qarşı üsyan idi. Söz verirəm ki, heç kəs bir daha Pakistan dövlətinə və ya ordusuna qarşı bu cür hərəkətlərə yol verməyəcək”.
Bu arada “Geo News” xəbər verir ki, Şahbaz Şərif, Pakistanın baş naziri olduğu müddətdə yetim uşaqlara dəstək olmaq üçün aldığı bütün Toşaxana hədiyyələrinin hərraca çıxarılacağını elan edib: “Toşaxanada milyonlarla rupi dəyərində olan bütün hədiyyələrin hərraca çıxarılmasını elan edirəm. Amma bu məbləğin hamısı kimsəsiz uşaqların yaşadıqları müəssisələrdən başqa heç bir yerə getməyəcək. Biz onları həyatın çətinlikləri ilə üzləşə bilməyən yetimlərə dəstək mexanizmi çərçivəsində təhvil verəcəyik”.
L. SƏMLA
AzPolitika.info


Şərhlər