Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda tanınmış blogerin düşdüyü ağır yol qəzasının görüntülərini yayıb.
“Report”un xəbərinə görə, görüntülərdə paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində bloger Nicat Şakirlinin idarə etdiyi "Porsche" markalı avtomobil hərəkətdə olan zaman Ramiz Aivazovun idarə etdiyi yük maşınına çırpıldığı əks olunub.
"Nicat narkozdan ayılıb, hazırda reanimasiyadadır".
Bloger Nicat Şakirlinin atası Nafis Mütəllimov jurnalistlərə açıqlamasında deyib.
"Həkim olsam da, reanimasiyada olduğu üçün hələ yanına buraxmırlar. Həkimlər bu gün də reanimasiyada qalacağını deyirlər. Qəza dünən dostu ilə aeroport yolundan şəhərə qayıdarkən baş verib. Hadisə nəticəsində Nicatın sağ dirsəyindən aşağı qolu amputasiya edilib", - Nicatın atası bildirib.
Qeyd edək ki, qəza nəticəsində Nicat Şakirlinin sərnişini, Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Ruslan Məmmədov ölüb. Bu zaman ərazidə olan vətəndaş Fəxri Rüstəmov kömək etmək üçün hadisə yerinə yaxınlaşıb. O, sağ əlindən xəsarət alıb. Sürücü Nicat Şakirli və Fəxri Rüstəmov TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar.
Dərhal əraziyə Dövlət Yol Polisi (DYP) əməkdaşları cəlb edilərək nəqliyyatın hərəkətini tənzimləməyə başlayıb. Bu zaman yoldan keçən avtomobillərdən biri DYP əməkdaşını vurub. Nəticədə polis əməkdaşı ayağından yüngül xəsarət alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Xatırladaq ki, Nicat Şakirli sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan blogerdir.


Şərhlər
Bu bloger sürücülük vsiqəsini necə alıb7Videodan görünür ki.o yol hərəkət qaydalarını,yolda sürət seçimi. barədə anlayışa malik deyil və hələ bəlkə görmə qabiliyyəti də qaydasında deyil.Onun ötmə zamanı manevr etməsi,əslində edə ilməməsi bunu sübur edir.