Dağıstanda matəm elan olundu
Mahaçqala yaxınlığında avtoservis və yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın və partlayış nəticəsində ölənlərin sayı 30-a çatıb. Bu gün səhər xilasedicilər dağıntıları təmizləyərkən daha üç nəfərin cəsədini aşkar ediblər. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 75 nəfər xəsarət alıb. Ölənlər arasında ən azı üç uşaq da var.
Dağıstanın rəhbəri Sergey Melikov avqustun 15-i ölənlər üçün matəm günü elan edib.
Yanıb-dağılan konstruksiyaların sökülməsi yerində davam edir, Fövqəladə Hallar Nazirliyi yaralıların təxliyəsi üçün helikopter göndərib. Yerli teleqram kanalları yaralıların xəstəxanaya gəlişini əks etdirən video yayımlayıb. Ağır yaralıları Moskvadakı xəstəxanalara çatdırmaq üçün Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi də Mahaçqalaya uçub.
İstintaqın məlumatına görə, avqustun 14-də axşam saat on radələrində avtoservis binasında avtomobillərə texniki qulluq zamanı yanğın baş verib, alov yanacaqdoldurma məntəqəsinə keçib və orada qaz-hava qarışığı partlayıb.
TASS-ın fövqəladə hallar xidmətinə istinadən verdiyi məlumata görə, yanacaqdoldurma məntəqəsində səkkiz yanacaq çənindən ikisi partlayıb. Yanğının sahəsi 600 kvadratmetr olub.
“Shot” “Teleqram” kanalı Fövqəladə Hallar Nazirliyindəki mənbəyə istinadən yazıb ki, partlayış dalğası avtomobil xidmətindən istifadə etməyə gələn və oradan 50 metr radiusda olan insanları əhatə edib.
“Teleqram” kanalları fövqəladə hadisə yerindən video yayımlayıb, kadrlarda güclü yanğın zamanı yanacaqdoldurma məntəqəsinin yanında dayanmış avtomobillərin alovlandığı görünür.
“AzPolitika.info”


Şərhlər