“Şuşada may ayından bu yana aparılmış axtarışlar nəticəsində ən azı 31 şəxsə məxsus insan meyitinin qalıqları aşkar edilib”.
Bu sözləri “Report”un Şuşaya ezam olunmuş əməkdaşına açıqlamasında Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev deyib.
Şöbə rəisinin sözlərinə görə, onların Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülərək burada saxlanılan azərbaycanlılara məxsus olması ehtimal edilir:
“Həbsxanada saxlanılan azərbaycanlılara qəddarcasına işgəncə verilməklə, döyülməklə, başları kəsilməklə, itlər üstlərinə buraxılmaqla, yaralı və halsız insanları donuzlara yedizdirməklə və bu kimi digər işgəncələr etməklə qətlə yetirilmiş, elə buradaca basdırılmışdır”.
“Əsrlər boyu ermənilər öz çirkin niyyətlərinə nail olmaq məqsədi ilə millətçiliyi, qonşu türk xalqına qarşı nifrət ideologiyasını rəhbər tutaraq sistemli planlı şəkildə vəhşiliklər törədiblər” - Emin Tağıyev deyib.
Şöbə rəisi bildirib ki, ermənilər mərhələli olaraq 10 minlərlə kvadratkilometr Azərbaycan ərazisini zəbt olunmasına, 100 minlərlə azərbaycanlının doğma torpaqlarından deportasiya olunmasına və zəbt olunmuş ərazilərdə süni yollarla müxtəlif ərazi vahidlərini o cümlədən erməni dövlətinin yaradılmasına nail olublar.
Onun sözlərinə görə, təkcə 20-ci əsrin sonlarında törədilən erməni millətçiləri tərəfindən insanlıq əleyhinə müharibə cinayətləri nəticəsində 20 minə yaxın azərbaycanlı qətlə yetirilib:
“19 mindən artıq şəxs yaralanıb, 877 şəhər, kənd, qəsəbə qarət edilərək dağıdılıb, yandırılıb. 600-dən artıq tarixi mədəniyyət abidələri məhv edilmiş, daşınması mümkün olan tarixi abidələri Ermənistana apararaq sonradan dünyanın müxtəlif ölkələrində satışa çıxarılıb, 1 milyondan artıq əhali məcburi qaçqın köçkünə çevrilmiş, torpaqlarımız zəbt olunub”.
Xatırladaq ki, Şuşa şəhərində növbəti kütləvi məzarlıq tapılıb. Belə ki, avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa türməsi ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkar olunub.


Şərhlər