Menu

Əlilliyə görə pensiya alanların sayı xeyli azalıb

30.08.2023, 11:04
Əlilliyə görə pensiya alanların sayı xeyli azalıb

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, 2023-cü il 1 iyul traixinə ölkədə 1 milyon 96 min nəfər pensiyaçı qeydiyyatda olub. Yəni, ölkə əhalisinin 10.8 faizi pensiyaçılardır. Onların 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Ötən ilin iyulun 1-i ilə müqayisədə qeydiyyatda olan pensiyaçıların sayı isə 5,4 faiz azalıb. Yəni, ötən ilin iyul ayında Azərbaycanda pensiya alanların sayı daha çox idi.

İqtisadçı, deputat Vüqar Bayramov bildirir ki, pensiyaçıların sayının azalmasının əsas səbəblərindən biri əlilliyə görə pensiya alanların sayında qeydə alınan iki rəqəmli düşüşdür: "Belə ki, əlilliyə görə pensiya alanların sayı 16,4 faiz azalıb. Buna səbəb əlilliyin yenidən qiymətləndirilməsi zamanı imtinaların sayının əvvəlki dövrlər ilə müqayisədə artması və meyarların dəyişdirilməsidir. Bu kateqoriya üzrə azalmalar ümumi pensiyaçıların sayına birbaşa təsir göstərib. Digər tərəfdən, ailə başçısını itirməyə görə pensiya alanların sayında da azalma qeydə alınıb: 9,7 faiz".

Ekspertin sözlərinə görə, bütün bunlarla yanaşı, DSMF-in məlumatına görə, ötən ilin iyuluna görə yaşa görə pensiya alanların sayı 0,4 faiz artıb. 

"Bu yaşa görə pensiya alanların sayında kiçik də olsa artımın qeydə alınması anlamına gəlir. Orta pensiya məbləği ötən ilin uyğun dövrü ilə müqayisədə 18,2 faiz artaraq 435,0 manat olub. Əmək pensiyasının minimum məbləği isə 16,7 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən edilib," - deputat qeyd edib.

"Azpolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol