Menu

RUSİYA QƏRBİ "SARMAT"LA HƏDƏLƏYİR - Qitələrarası raket kompleksi döyüş hazırlığı vəziyyətinə gətirilib

01.09.2023, 17:34
RUSİYA QƏRBİ "SARMAT"LA HƏDƏLƏYİR - Qitələrarası raket kompleksi döyüş hazırlığı vəziyyətinə gətirilib

Rusiyada “Sarmat” strateji raket kompleksi döyüş növbətçiliyi vəziyyətinə gətirilib. 

“AzPolitika.info” xəbər verir ki, bu barədə sentyabrın 1-də “Roskosmos”un rəhbəri Yuri Borisov məlumat verib. O, əlavə informasiya verməyib.

Rusiya mətbuatı yazır ki, bu, Moskvanın rəsmi nümayəndəsinin yeni strateji kompleksin döyüş növbətçiliyinə yerləşdirilməsi ilə bağlı ilk bəyanatıdır. Fevral ayında Vladimir Putin demişdi ki, yeni “Sarmat” raket sistemi ağır raketlərin ilk buraxılışı ilə bağlı döyüş tapşrığını qəbul edəcək.

RS-28 "Sarmat" sovet qitələrarası "Voevoda" raketlərini əvəz etmək üçün nəzərdə tutulub. Raketin 18 min kilometrə qədər uçuş məsafəsinə malik olduğu və 10-15 nüvə başlığı daşıya biləcəyi bildirilir. Rusiya Müdafiə Nazirliyi ötən ilin aprelində keçirdiyi ilk uğurlu sınaq haqqında məlumat vermişdi. Sonradan raketlərin kütləvi istehsalına başlanıb. Onların neçəsinin istehsal olunduğu və neçəsinin döyüş növbəsinə götürüldüyü barədə məlumatlar məxfi saxlanılır.

Amerika mediası yazıb ki, 2023-cü il fevralın 20-də “Sarmat” qitələrarası ballistik raketinin buraxılışı uğursuzluqla başa çatıb. Amma Rusiya rəsmiləri bu barədə məlumat verməyiblər. Buraxılış ABŞ Prezidenti Co Baydenin Kiyevə səfəri zamanı baş tutub.

Xatırladaq ki, Ukraynanın tammiqyaslı işğalına başladıqdan sonra Rusiya hakimiyyəti nüvə silahından istifadə edəcəyi ilə bağlı tez-tez üstüörtülü və ya birbaşa hədələrə əl atıb. Putinin özü bildirib ki, bu, Rusiyanın suverenliyinə və ərazi bütövlüyünə təhlükə yarandığı halda mümkündür. Kremlyönlü media iddia edir ki, bir “Sarmat” raketi Böyük Britaniyanı məhv etmək üçün kifayətdir.

Putin 2022-ci ilin fevralında Rusiyanın nüvə qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsini əmr edib. Bu əmrin sonradan ləğvi ilə bağlı heç bir məlumat verilməyib. Eyni zamanda, ABŞ kəşfiyyat qurumları dəfələrlə qeyd ediblər ki, Rusiyanın nüvə silahından istifadə edəcəyi ilə bağlı hazırlıq əlamətləri yoxdur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol