Xəbər verildiyi kimi, Şimali Koreya lideri Kim Çen İn Rusiyaya səfər edib. Vladimir Putinin onunla görüşünün əsas məqəsədinin Koreyadan silah-sursat, xüsusilə də sovet dövründən qalma və daha sonra istehsal olunmuş milyonlarla artilleriya mərmiləri almaqdır.
“AzPolitika.info” xəbər verir ki, “Reuters” agentliyi Qərb mütəxəssislərinə istinadla Şimali Koreyanın Rusiyaya verəcəyi silahların Ukraynadakı müharibənin taleyinə həlledici təsir göstərməyəcəyini yazıb.
Mütəxəssislər hesab edirlər ki, Koreyanın anbarlarında olan və keyfiyyəti böyük şübhə doğuran artilleriya mərmiləri və digər silahlar qısa perspektivdə Rusiyanın köməyinə çata bilər. Lakin müharibənin gedişinə köklü surətdə təsir göstərə bilməz.
Eyni zamanda, qeyd olunur ki, Koreyanın müasir silah istehsalı imkanları olduqca məhduddur. Bu istehsalda keyfiyyətsiz xammaldan istifadə olunur, silahların saxlanma standartları çox zəifdir. Eyni zamanda, Qərb texniologiyalarına çıxış imkanları olmadığından, silahların və mərmilərin dəqiqlik göstəriciləri olduqca aşağıdır. Belə mərmilərdən istifadə olunması isə Rusiya əsgərlərinin özləri üçün böyük təhlükə mənbəyidir.
Mütəxəssislər qeyd edirlər ki, Rusiya ötən il Ukraynada 10-11 milyon artilleriya mərmisi istifadə edib. Onun hazırkı illik istehsal gücü isə ən yaxşı halda iki milyona çatdırıla bilər. Bu da müharibəni davam etdirmək üçün yetərli deyil. Ona görə də Şimali Koreya kimi ölkələrə “ağız açılır”.
Lakin o da vurğulanır ki, Rusiya sadəcə artilleriya mərmisi deyil, artilleriya qurğuları, toplar sarıdan da çatışmazlıq yaşayır. Ukraynada olan dəqiq silahlar və mərmilər Rusiya artilleriyasını kütləvi şəkildə sıradan çıxardığından, hazırda işğalçı ordu ciddi artilleriya qurğuları qıtlığı ilə üzləşib. Bu problemi isə nə Koreyanın, nə də Rusiyanın özünün operativ şəkildə həll etmək imkanları yoxdur.
“AzPolitika.info”


Şərhlər