BAKI FATEHİ NURU PAŞA

Nurəddin İsmayıl

1918-ci il 15 sentyabr xalqımızın tarixinə qızıl hərflərlə yazılan gündür. Həmin gün Qafqaz İslam Ordusunun komutanı Nuru Paşa öz silahdaşları ilə Bakıya təşrif gətirdi və qan gölündə boğulan paytaxtımızı erməni-bolşevik canilərindən təmizlədi. Qırğın və qətliamlara son qoyuldu. İnsanlar rahat nəfəs almağa başladı. Bakı və digər bölgələrimizdə kök salan erməni-bolşevik dəstələri zərərsizləşdirildi. Məhz bu hadisədən sonra Gəncədə qərar tutan gənc milli hökumət Bakıda fəaliyyətini davam etdirdi. 

Tarix təkrarlanır. 102 il sonra qardaş Türkiyənin seçmə qoşunları İkinici Qarabağ savaşının qalibi olan ordumuzla Bakının azadlıq meydanında hərbi parada qatıldı. Xalqımız bu günlərdə Nuru Paşa və silahdaşlarını rəhmət və minnətdarlıqla anır və onların ölməz ruhuna Allahdan rəhmət diləyir. Təqdim olunan şeir də Bakı fatehi, xilaskar Nuru Paşanın ruhuna ithaf olunur.

Nuru Paşam, xoş gəldin

Salam olsun sənin uca adına,

Xilaskarım, Nuru Paşam, xoş gəldin. 

Yüz il əvvəl yetdin türkün dadına,

Xilaskarım, Nuru Paşam, xoş gəldin.


Yaddaşlarda silinməyən iz qoydun,

Könüllərə işıq saçan köz qoydun, 

Hər türküdə adın keçən söz qoydun,

Xilaskarım, Nuru Paşam, xoş gəldin.


Sən gəlməsən dərdli Bakım gülməzdi,

Xain düşmən Türkün gücün bilməzdi,

Şəhid ruhu əbədiyyən ölməzdi,

Xilaskarım, Nuru Paşam, xoş gəldin.


Dastan yazan doğma ad var, qoşadı,

Biri Ənvər, biri Nuru Paşadı,

Ər doğuldu, ərlər kimi yaşadı,

Xilaskarım, Nuru Paşam, xoş gəldin.


Zəfərinə nəğmə qoşan dillər var,

Bayrağını uca tutan əllər var,

Səni öyən hələ neçə illər var,

Xilaskarım, Nuru Paşam, xoş gəldin.


Zülmət gecəm süngün ilə yarıldı,

İstiqlala gedən yola varıldı,

İki qardaş bir-birinə sarıldı,

Xilaskarım, Nuru Paşam, xoş gəldin.

16.09.2023

635x100

Şərhlər

ƏNHU 2023-09-17 16:58:09

Çoxdandı şer oxumurdum. Sanki ruhum təzaələndi. İllıər uzunu beynimi deşən zəhlətökən siyasi ifadələrdən uzaqlaşıb bir az rahatlıq tapdım. ALLAH sənə Nuru və Ənvər paşanın torpağı sanı xeyirli ömür versin.

Türk Turan 2023-09-17 11:53:33

Nurəddin İsmayıla təşəkkür edirik, minnətdarıq. Allah Azzə və Cəllə Nuru Paşaya və bütün şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun!

Son yazılar