Goranboy rayonu Səfikürd kəndinin Qaş məhəlləsinin sakinləri Prezident İlham Əliyevə və Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılova, Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX), Baş prokuror Kamran Əliyevə media vasitəsi ilə yenidən müraciət ediblər. Sakinlər bu dəfə üzləşdiyi problemləri yerli məmurların korrupsiya əməllərinə bağlayır və tədbir görülməsini xahiş edirlər.
“AzPolitika.info”-nun redaksiyasına daxil olan müraciətdə bildirilir ki, Qaş məhəlləsinin 40-dan çox fərdi yaşayış evi, həyətyanı və əkin sahələri uzun illərdir su çatışmazlığından əziyyət çəkir: “Ağaclarımız, əkinlərimiz quruyur. Sizin sərancamınız əsasında hər il bölgələrdə subartezian quyuları qazılır. 2 il bundan əvvəl kollektiv olaraq, Sizə müraciət ünvanlamışdıq və buna görə bizim əraziyə 1 ədəd quyu salınmışdı. Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən həmin yerin koordinatları vurulmuşdu. Lakin sonradan Goranboy rayon İcra Hakimiyyətinin və Suvarma Sistemləri İdarəsinin süni müdaxiləsi ilə həmin quyu qanunsuz olaraq, başqa əraziyə salınıb. Buna görə də 2022-ci ildə Sizə və aidiyyəti qurumlara müraciət etdik. Bundan sonra müvafiq sərəncamınızla rayonumuza ayrılan 31 subartezian quyusundan 1-i yenidən bizim məhəlləyə ayrıldı və bu barədə ASC və Goranboy rayon İcra Hakimiyyəti tərəfindən bizə rəsmi məktub ünvanlandı. Həmin məktubda qeyd olunub ki, 31 quyudan 1-nin Qaş məhəlləsində qazılması nəzərdə tutulub və qazılması təmin ediləcək”.
Şikayətçilər yazırlar ki, həqiqətən də, 2022-ci ilin sonunda aidiyyatı qurumların məsul şəxsləri, mütəxəssislər yerində baxış keçiriblər və təkrar koordinatlar vurulub. Lakin 6 aydan çox müddət keçməsinə baxmayaraq, hələ də quyunun qazılmasına başlanılmayıb: “İndi məlum olur ki, bir ay bundan əvvəl quyunu Qazançı kəndinə satıblar. Bundan başqa, Səfikürddə 504 nömrəli subartezian quyusun bərpası üçün dövlətdən ayrılan 32 min manat da mənimsənilib. Belə ki, həmin quyu sənəddə guya bərpa olunub. Amma əslində pul yeyilib, iş görülməyib. Boluslu kəndinə salınan quyunu 30 min manata Bağçakürdə, Fəxralı kəndinə salınan (554 nömrəli) quyunu isə 30 min manata Alpoud kəndinə satıblar. Görəsən, bizim quyunu 1 ay bundan əvvəl Qazançı kəndinə neçəyə satıblar?”
Şikayətçilər vurğulayırlar ki, dövlət büdcəsindən maliyələşən subartezian quyuları rüşvət müqabilində imkanlı şəxslərə satılır: “Artıq rayonda hamı bilirki, bir quyunun qiyməti azı 18 - 30 min manatdır. İndi biz o pulu verə bilmirik deyə, bizim subartezian quyusunu kim pul verirsə, ona satmalıdırlar? Hətta son vaxtlar bizim rayonda quyu alveri ilə məşğul olan məmurlar yeni "ağıllı üsul" icad ediblər. Belə ki, indi satdıqları quyuları şəhid ailələrinin adına sənədləşdirirlər. Hətta quyuları satdıqları adamlara "bir şəhid ailəsi tapıb gətirin, onun adına sənədləşdirək, sizə verək" deyirlər.
Goranboy sakinləri Prezidentdən, hüquq mühafiəz orqanlarının rəhbərlərindən xahiş edirlər ki, onların problem həll olusun, quyu alveri ilə məşğul olan yerli məmurlar isə layiqli cəzalarını alsınlar.
Rasim
“AzPolitika.info”




Şərhlər