Sentyabrın 23-də Sevastopolda yerləşən Rusiya Qara Dəniz Donanmasının qərargahında güclü partlayış səsləri eşidilib.
“AzPolitika.info” xəbər verir ki, partlayışdan sonra Suxarnaya Balka ərazisində alov və tüstü görünüb. Yerli “Teleqram” kanalları yazır ki, Qara dəniz donanmasının arsenalı orada yerləşir.
Rusiyanın təyin etdiyi Sevastopol qubernatoru Mixail Razvojayev “Teleqram”da yazıb ki, ora vurulan raketin qalıqları düşüb.
Partlayışdan qısa müddət sonra şəhərin bir sıra ərazilərində həyəcan siqnalı səslənib, dəniz sərnişin nəqliyyatının hərəkəti dayandırılıb. Rusiya hakimiyyəti “raket təhlükəsi” barədə məlumat verib və sakinlərə sığınacağa getməyi tövsiyə edib. Hələlik başqa partlayışlar barədə məlumat verilməyib. Ukrayna hərbçiləri hadisəni şərh etməyiblər.
Sentyabrın 22-də isə Ukrayna hərbçiləri Rusiyanın Qara dəniz donanmasının Sevastopoldakı qərargahına raket zərbəsi endirib. Bir neçə raketin düşdüyü binaya ciddi ziyan dəydiyi bildirilir. Rusiya Müdafiə Nazirliyi zərbədən sonra bir əsgərin itdiyini, mülki əhali arasında ölənlərin olmadığını bildirib.

“Teleqram” kanalları yazır ki, raket zərbələri nəticəsində admiral Viktor Sokolov həlak olub, amma rəsmi qaynaqlar bu barədə hər hansı açıqlama verməyib.
“AzPolitika.info”


Şərhlər