Ukrayna ordusunun Rusiyanın Krımdakı Qara dəniz donanmasının qərargahına hücumu nəticəsində azı 9 nəfər ölüb, 16 nəfər yaralanıb. Yaralananlar arasında iki generalın da olduğu bildirilir.

Bu barədə Ukraynanın Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov açıqlama verib.

Budanov Qərb mediasına müsahibəsində rusiyalı generallardan Aleksandr Romançukun durumunun çox ağır, Oleq Salyukovun isə huşsuz vəziyyətdə olduğunu deyib.

“Teleqram” kanalları raket zərbələri nəticəsində admiral Viktor Sokolovun da həlak olduğunu yazıb, amma rəsmi qaynaqlar bu barədə hər hansı açıqlama verməyib.

Xatırladaq ki, Ukrayna ordusu sentyabrın 22-də Sevastopol şəhərində Rusiyanın Qara dəniz donanmasının qərargahına raket zərbələri endirib. Sosial şəbəkələrdə yayılan görüntülərdə qərargahın binasının qismən dağıldığı və dumanlar yüksəldiyi görülür. Rusiya Müdafiə Nazirliyi hücum nəticəsində bir hərbi qulluqçunun itkin düşdüyünü açıqlayıb.

“AzPolitika.info”