Sentyabrın 30-da Avropa İttifaqının və NATO-nun üzv ölkəsi Slovakiyada parlament seçkiləri keçiriləcək.
“AzPolitika.info” Qərb mətbuatına istinadla xəbər verir ki, şənbə günü keçiriləcək seçkidə ölkənin sabiq Baş naziri Robert Fitsonun partiyasının qələbə qazanmaq ehtimalı yüksək qiymətləndirilir.
2018-ci ildə vəzifəsindən istefa vermiş R.Fitso açıq rusiyapərəst siyasi baxışları ilə tanınır. O və onun partiyası hazırda Ukraynanın NATO-ya və Avropa İttifaqına üzvlüyünün, eləcə də rəsmi Kiyevə hərbi yardımın əleyhinə çıxır.
Müşahidəçilər hesab edirlər ki, Fitso qalib gəlsə və yenidən Baş nazir postuna yiyələnsə, Slovakiyanın Ukraynaya dəstək verən hazırkı kursunun əleyhinə çıxacaq və bu kursu dəyişəcək. Bu isə Rusiyanın Avropadakı tərəfdaşlarının sayının artması deməkdir.
Maraqlıdır ki, son rəy sorğuları ümumilikdə Slovakiya cəmiyyətində Ukraynaya münasibətin qənaətbəxş olmadığını göstərir. Belə ki, respondentlərin yarıdan çoxu Ukraynada gedən müharibədə Avropanı və ABŞ-ı günahkar sayıb.
Müşahidəçilər bunun Rusiya təbliğatının Şərqi Avropa ölkələrinə güclü təsiri ilə əlaqələndirirlər.
“AzPolitika.info”


Şərhlər