Məlum olduğu kimi, ermənilər Azərbaycanın Kremlin Qarabağdakı emissarı, separatçı qurumun sabiq “dövlət naziri” Ruben Vardanyanı Ermənistana qaçarkən yaxalaması ətrafında böyük səs-küy yaratmağa çalışırlar. Artıq az qala elə bir dövlət qalmayıb ki, onun rəhbərliyindən Vardanyanın həbsinə, yəni, Azərbaycanın daxili məsələsinə dair münasibət bildirməsi tələb olunmasın.

“AzPolitika.info” xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller jurnalistlərin Vardanyanın həbsilə bağlı sualını cavablandırıb.

Mədəni surətdə bu mövzudan yayınan Miller deyib: “Həbs barədə bilirik. Vəziyyəti diqqətlə izləyirik. Başqa şərhim yoxdur”.

Bu, Vardanyan mövzusunun ABŞ-ni maraqlandırmadığının göstəricisi hesab oluna bilər. Qarabağda heç vaxt yaşamamış və Kremlin sifarişi ilə buraya gəlib, separatçı quruma rəhbərlik etmiş şəxslərdən biri olan Vardanyanın Azərbaycan tərəfindən saxlanılaraq, mühakimə olunması tam qanunauyğun və hüquqa əsaslanan addımdır. Onun açıq müdafiəsi isə Azərbaycanın daxili işlərinə qarışmaqdır. Bunu ABŞ-də də bilməmiş deyillər...

“AzPolitika.info”