Qarabağda 32 ildən artıq mövcud olmuş qondarma, cinayətkar rejim özünü buraxdı. Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan bu möhtəşəm hadisə 19 sentyabrda Azərbaycan Silahlı Qüvvələrinin 24 saat ərzində gerçəkləşdirdiyi əməliyyatın məntiqi nəticəsidir. Bir sutkadan az vaxtda qanunsuz silahlı dəstələr, ardınca qondarma dövlət strukturları çökdürüldü.

Artıq Azərbaycanın dövlət bayrağının Xankəndinin mərkəzində dalğalanmaq vaxtıdır. Dünən səhər sosial mediada yayılan videolarda Azərbaycan polisinin şəhərdə olduğu görünürdü. Ehtimal ki, Türk dünyasının səbirziliklə gözlədiyi o möhtəşəm mərasimə hazırlıq gedir.

Beləliklə, Qarabağda separatizmin kökünü kəsməyə cəmi 1 həftə vaxt lazım oldu:

- Qanunsuz dəstələr məhv edildi və təslim oldular, silah-sürsatları təhvil alınır;

- Cinayətkar rejimin rəhbərlərindəın biri, ideoloqu, sponsoru milyarder Ruben Vardanyan həbs edilərək Bakıya gətirildi, David Babayan könüllü təslim oldu. Digərlərinin də həbs olunacağı qaçılmazdır;

- Qarabağda Azərbaycanın dövlət strukturlarının formalaşdırılmasına start verildi, Prezidentin sərəncamı ilə yerli əhalinin sosial-iqtisadi problemlərinin həlli, təhlükəsizliyinin təmin olunması ilə bağlı İşçi qrupu yaradıldı.

Azərbaycan hakimiyyətinin təhlükəsiz yaşayışa tam qarantiya verməsinə baxmayaraq, Qarabağdan etnik ermənilərin böyük köçü başladı. Erməni lobbisinin “etnik təmizləmə” hay-küyü beynəlxalq dairələrdə ciddi reaksiya doğurmur. Prezident İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığında bildirdi ki, ABŞ-ın yaratmaq istədiyi beynəlxalq nəzarət missiyası ilə əməkdaşlığa hazırdı. Bu missiya özündə Qarabağdakı reinteqrasiya prosesinə beynəlxalq nəzarəti ehtiva edir.

Beləliklə, Azərbaycan keçmiş SSRİ məkanında etnik separatizmi aradan qaldıraraq öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa edə bilən ilk ölkə oldu. Bu tarixi naliyyət xalqın birliyinin, hərbi gücün, uğurlu diplomatiyanın, siyasi bacarığın vəhdətinin nəticəsidir.

İndiyə qədər nə Gürcüstan, nə Moldova Qərbin bütün dəstəyinə baxmayaraq, buna nail ola bilməyib. İrimiqyaslı işğalçı müharibəyə cəlb olunmuş Ukrayna isə böyük qurbanlar verməkdə davam edir.

Azərbaycan “Soyuq müharibə”nin yekun mərhələsində keçmiş SSRİ-nin çöküşünün əzab-əziyyətləri ilə dolu bir dövrü uğurla yekunlaşdırdı və hamar yola çıxdı. Bu naliyyət dövlətin qarşısında duran mühüm məsələlərin həllində ona ciddi dəstək olacaq:

- Qarabağın məskunlaşdırlması, əgər qalacaqlarsa, yerli ermənilərin reinteqrasiya prosesinin aparılması;

- Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxarılması;

- Ermənistanla ədalətli sülh sazişinin imzalanması, hələ də işğalda qalan anklavların Azərbaycana qaytarılması, sərhədlərin dəqiqləşdirilməsi;

- Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur vasitəsi ilə quru əlaqəni təmin edəcək kommunikasiyaların açılması;

- Regionda iqtisadi inkişafa xidmət edəcək strateji nəqliyyat yollarının açılması;

- Bölgənin məskunlaşdırılması, iqtisadi, mədəni həyatın tədricən bərpa olunması və s.

Azərbaycanın xarici siyasəti qonşularla bərabərhüquqlu, mehriban qonşuluq münasibətlərinin ehtiva edir. Bu əlaqələrin dərinləşməsi, ticarətin genişlənməsi ilə yanaşı Avropa İttifaqı, ABŞ-la da münasibətlərin bərpa olunması vacibdir. Artıq Qarabağ münaqişəsi yoxdur, sabah Ermənistanla sülh müqaviləsi imzalandıqdan sonra qarşılıqlı ittihamlar dövrünün bu səhifəsi qapanır. Şübhəsiz ki, Vaşinqtion və Brüssel regionun ən vacib ölkəsi ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır, bunu beynəlxalq güclərin regiondakı maraqları tələb edir. Azərbaycan daxildə hüquqi, siyasi, iqtisadi islahatları davam etdirməklə regionun ən vacib tərəfdaş statusunu daha da möhkəmləndirmək perspektivlərinə malikdir.

Bir sözlə, Azərbaycanın möhtəşəm naliyyəti, həm daxildə, həm də beynəlxalq müstəvidə onun güclənməsi üçün yeni üfüqlər açıb. Bu fürsəti dəyərləndirib ölkəni çiçəklənən, firəvan, rifah dövlətinə çevirməyin vaxtıdır.

E.Rüstəmli

“AzPolitika.info”