Ukraynanın Rusiyaya qarşı başlatdığı əks-hücum əməliyyatının yavaş irəliləməsi Qərb ölkələrinin Ukrayna əsgərlərinə verdiyi döyüş təlimlərinin də efffektivliyini müzakirə predmetinə çevirib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Qərb təlimlərində iştirak edən ukraynalı hərbçilər Böyük Britaniyanın “openDemocracy” nəşrinə bildiriblər ki, Qərb təhsili ilkin hərbi bacarıqların öyrədilməsi baxımından pis olmasa da, Ukraynadakı müharibə üçün o qədər də uyğun deyildi. Hərbçilərin sözlərinə görə, təlim zamanı onlara səngərlər, minalanmış sahələr, tikanlı məftillər, tank əleyhinə xəndəklər kimi maneələrlə mübarizə aparmağın yollarını öyrətməyiblər. Qeyd ediblər ki, onların təlimatçıları onlara tez-tez Yaxın Şərqdəki təcrübələrinə əsaslanan dərslər verib. Məsələn, dinc sakinlər arasında üsyançıları aşkar edilməsi kimi.
B. Britaniya nəşri yazır ki, əks-hücum əməliyyatı zamanı Rusiyanın düzgün müdafiə taktikası irəliləyişi ləngitdi və nəticədə Ukrayna ağır hərbi itkilərə məruz qaldı.
“Əks-hücumun ilk günlərində Ukraynanın hücum bölmələri NATO-ya uyğun hərəkət edirdi. Onlar Almaniya istehsalı olan “Leopard 2” tankları və ABŞ istehsalı olan “Bradley” zirehli daşıyıcıları ilə təchiz olunmuşdular. Məqsəd bu texnikaların köməyi ilə Rusiyanın müdafiə xəttini sürətlə yarmaq və arxa bölgələrə daxil olmaqdan ibarət idi. Lakin bu baş tutmadı. Ukrayna hərbçiləri minalanmış sahələrdə ilişib qaldılar. Daha sonra isə Rusiya artilleriyası və hücum helikopterləri tərəfindən vuruldular”,-nəşr yazıb.
Məqalədə qeyd olunur ki, Ukrayna sonda Qərb taktikalarından imtina etməli oldu 1917-ci ildəki “Qərb Cəbhəsi” taktikasını həyata keçirməyə başladı.
“AzPolitika.info”

Şərhlər