İsrailin müdafiə naziri Yoav Qalant şənbə günü səhər saatlarında Qəzza zolağından başlanan raket hücumları fonunda İsrailin mərkəzində və ölkənin cənubunda “xüsusi təhlükəsizlik vəziyyəti”nin tətbiqi barədə göstəriş verib.
Bu barədə İsrail Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
“İsrail müdafiə strukturlarının rəhbərliyi ilə birgə vəziyyəti qiymətləndirdikdən sonra müdafiə naziri Yoav Qalant Qəzza zolağından 80 km radiusda İsrailin cəbhəarxası hissəsində “xüsusi təhlükəsizlik vəziyyəti” elan edib”, - deyə məlumatda bildirilir.
“Bu status İsrail müdafiə qüvvələrinə vətəndaşlara təhlükəsizlik təlimatı verməyə və lazımi obyektləri bağlamağa imkan verir”, - deyə nazirlik əlavə edib.
Qəzza zolağından 80 km-ə qədər radiusda olan ərazi, ölkənin Qəzza zolağına bilavasitə bitişik olan cənub bölgələrindən əlavə, İsrailin mərkəzi hissəsini, Təl-Əviv və onun ətrafı, eləcə də Qüds və Negev səhrasının ərazisi, o cümlədən Beer-Şeva şəhərini əhatə edir.
“İsrail müdafiə qüvvələri hazırda Qəzza zolağına zərbələr endirir. Təfərrüat bundan sonra veriləcək”, - deyə məlumatda qeyd edilib.
***

“Report” xəbər verir ki, ölkənin müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.
“İsrail Müdafiə Qüvvələri müharibəyə hazır vəziyyət elan edir. Baş Qərargah rəisi hazırda vəziyyəti qiymətləndirir və ordu əməliyyatlarının davam etdirilməsi planlarını təsdiqləyir”, - deyə məlumatda bildirilir.
Ölkənin cənub və mərkəzi rayonlarının sakinlərinə sığınacaqlardan uzağa getməməyə, Qəzza zolağının yaxınlığındakı əhali isə sığınacaqlara getməyə çağırılıb.
Xatırladaq ki, bu gün, oktyabrın 7-də İsrailin cənubunda, eləcə də Tel-Əviv ərazisində hava hücumu sirenləri səslənib. Qəzza zolağından atılan raketlər nəticəsində artıq ölüm hadisəsi baş verib: mərmi 70 yaşlı qadının evinə düşüb. Hadisə şahidləri sosial şəbəkələrdə onlarla raket atıldığını, bəzilərinin qəlpələrdən yaralandığını, küçələrdə yanğınların baş verdiyini bildirirlər. Baş nazir Benyamin Netanyahu tezliklə təhlükəsizlik qüvvələrinin rəhbərliyi ilə təcili görüş keçirəcək.


Şərhlər