İsrail fələstinlilərə 24 saat vaxt verdi, BMT etiraz edir

HƏMAS-ın oktyabrın 7-də İsrailə qarşı başlatdığı hücumdan keçən hər növbəti gün Qəzza və onun ətrafındakı vəziyyəti daha da ağırlaşdırır. HƏMAS-ın bu hücumla nəyə nail olmaq istədiyi, hansı maraqlara, kimin maraqlarına xidmət etdiyi qaranlıq qalsa da, ilkin nəticə təkcə 1000-dən çox israillinin qətli deyil, ondan da artıq fələstinlinin ölümü, 100 minlərlə insanın ev-eşiyindən didərgin düşməsi, susuz, işıqsız, qidasız qalması və qarşıda ğözlənilən daha böyük fəlakətlərdir.

Görünən odur ki, xüsusilə də fələstinli dinc əhali üçün vəziyyət daha da ağırlaşacaq və fəlakət səviyyəsinə çatacaq. Bunu BMT-nin xüsusi nümayəndəsi Stefan Dyujjarik də təşkilatın adından bəyan edib və “faciənin fəlakətə çevriləcəyi” barədə xəbərdarlıq edib.

Belə ki, israil ordusu rəsmən Qəzza sakinlərinə müraciət edərək, onlara 24 saat vaxt verildiyini bəyan edib. 24 saat ərzində əhali şəhəri tərk edərək, cənuba köçməlidir. İsrail tərəfi bunu onunla əsaslandırıb ki, HƏMAS döyüşçüləri yaşayış binalarında və binaların altındakı tunellərdə gizlənirlər. Onların silah-sursatları da həmin binalarda və tunellərdədir. İsrail ordusu HƏMAS-ı dinc əhalidən qalxan kimi istifadə etməkdə günahlandırıb. Yerüstü əməliyyata və HƏMAS-ın varlığına son qoymağa hazırlaşan İsrail dinc əhali arasında tələfat olmasın deyə əhaliyə bir sutka vaxt verdiyini bildirir.

Lakin BMT bu çağırışla razılaşmır və bunda da kifayət qədər məntiq də var. Belə ki, Stefan Dyujjarik 24 saat ərzində təxminən 1.1 milyon insanın Qəzzadan köç edə bilməsi fiziki cəhətdən mümkün deyil: “BMT belə bir köçün dağıdıcı humanitar nəticələrsiz baş tutmasını mümkünsüz hesab edir”.

O, rəsmi Tel-Əvivi “faciəni fəlakətə çevirməmək üçün” bu əmrini təxirə salmağa çağırıb.

Lakin belə görünür ki, İsrail heç kimlə, o cümlədən də BMT ilə hesablaşmaq fikrində deyil. Tarixində ən güclü zərbələrdən birini almış İsrail dövləti hər hansı bir danışıqları istisna edir və BMT-nin özünü düzgün mövqe tutmamaqda günahlandırır.

Belə ki, İsrailin BMT-dəki təmsilçisi Qilad Erdan təışkilatın bəyanatını kəskin şəkildə pisləyib və Tel-Əvivin geri durmayacağını bəyan edib: “BMT-nin İasrailin Qəzza sakinlərinə müraciətinə reaksiyası biabırçıdır. Uzun illər boyu BMT HƏMAS-ın silahlanmasına və Qəzzanın mülki əhalisinin və mülki infrastrukturunun silahlanma və qətllər üçün istifadə edilməsinə göz yumub. İndi isə vətəndaşları HƏMAS tərəfindən öldürülən və bu işdə iştirak edənlərin itkilərini minimuma düşürmək istəyən İsrailin tərəfində durmaq əvəzinə bizə moizə oxuyurlar”. İsrail hesab edir ki, BMT HƏMAS-ı pisləməli və israilli girovların azad edilməsinə çalışmalıdır.

Bir sözlə, İsrail öz fikrində qətidir. Artıq İsrail tanklarının Qəzza sektoru ətrafında cəmləşdiyi və bir an öncə yerüstü əməliyyata başlamağa hazır olduğu məlumdur. Qəzzanın əhalisinin 24 saat ərzində şəhərdən köçməsi isə BMT-nin də bəyan etdiyi kimi, mümkünsüz görünür. Belədə təəssüf ki, qarşıda doğrudan da faciənin fəlakətə çevrilməsi anını görə, Yaxın Şərq tarixinin ən qanlı, dəhşətli, amansız günlərini yaşaya bilərik.

Rusiyanın Ukraynaya qarşı işğalından sonra dünya düzəninin, beynəlxalq hüququn, beynəlxalq təhlükəsizlik atrxitekturasının iflasa uğradığını göstərən faktlardan biri də hazırda Yaxın Şərqdə yaşanan bu qanlı və faciəli münaqişədir. Belə ki, hazırda heç bir dövlət, beynəlxalq qurum, beynəlxalq mexanizm nə öncədən belə bir hücumu mümkünsüz etmək, nə də artıq günbəgün şiddətlənən bu müharibəni dayandırmaq imkanına, gücünə malik deyil...

Cəlal Məmmədov

“AzPolitika.info”