Menu

"Naxçıvan Universiteti" fəaliyyətini dayandırır? – Təhsil Nazirliyi ciddi pozuntular aşkarlayıb

19.10.2023, 13:39
"Naxçıvan Universiteti" fəaliyyətini dayandırır? – Təhsil Nazirliyi ciddi pozuntular aşkarlayıb

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən özəl "Naxçıvan” Universiteti fəaliyyəti dayandırılır.

“AzPolitika.info” xəbər verir ki, bu barədə yerli saytlar xəbər yayıb. Qeyd olunur ki, buna səbəb Naxçıvan Təhsil Nazirliyinin universitetdə keçirdiyi yoxlama zamanı ciddi pozuntuların aşkarlanması olub.

Yayılan xəbərlərdə təhsil müəssisəsinin Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbıbovun qardaşı Məhərrəm Talıbova məxsus olduğu da iddia olunur.

Universitetin rektoru Anar Kazımovun adından yayılan açıqlamada bildirilir ki, bu barədə onlara rəsmi xəbər daxil olmayıb. “Universitetin bu və ya digər formada fəaliyyətinin davam etdirilməsi təsisçinin verə biləcəyi qərardır. Belə bir qərar olanda rəsmi şəkildə elan ediləcək”, - o əlavə edib.

Rektor daha sonra Naxçıvan MR Təhsil Nazirliyininin universitetdə yoxlamalar aparması barədə xəbərləri təkzib edib. “Nə vaxt olub bu yoxlamalar, hansı qanun pozuntuları aşkarlanıb?” – o sual edib.

"Naxçıvan" Universitetinin Məhərrəm Talıbova aid olmasına gəlincə, A.Kazımov bunları bildirib:

“Hər kəsə məlumdur ki, təsisçi dəyişikliyi olandan və mən fevral ayında rektor təyin olunandan sonra, əksinə, universitetimizdə şəffaf və dinamik mühit yaranıb, neqativ hallar tamamilə yığışdırılıb, tədrisi müasir tələblərə cavab verən formaya gətirmək üçün xeyli addımlar atılıb. Tələbələrlə mütəmadi görüşlər keçirilir və təklifləri dinlənilir. Yerli və xarici ali təhsil müəssisələri ilə tələbə və müəllim mübadilələrinə start verilib. Sabah - 20 oktyabrda universitetimizdə dünya şöhrətli alim, Nobel mükafatçısı Aziz Sancarla naxçıvanlı tələbələrin və ziyayıların video görüşü olacaq”.

Rektor sonda mediadan rəsmi təsdiqi olmayan xəbəri yaymamağı xahiş edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol