Xəbər verdiyimiz kimi, Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılının Bakıda yol qəzası törətməsi barədə görüntülər yayılıb.
Məlumata görə, Orxan Hacılı hadisəni törədəndən sonra hadisə yerindən yayınıb.
Müsavat başqanı Arif Hacılı APA-ya belə bir hadisənin baş verdiyini deyib: “Şükürlər olsun ki, qəza nəticəsində xəsarət alan, ziyan çəkən olmayıb. Yəqin ki, araşdırılacaq və müvafiq qərar qəbul olunacaq”.
A.Hacılı oğlunun sərxoş olması, qəzadan sonra yayınması barədə verilən məlumatların əsassız olduğunu açıqlayıb: “Oğlum qəzadan sonra iki dəfə polis idarəsində olub, təxminən bir həftədir ki, sənədləri də ordadır”.
***
Bakının Yasamal rayonunda sərxoş olduğu deyilən sürücü qəza törədib. “AzPolitika.info” xəbər verir ki, bu barədə “criminal.az” saytının baş redaktoru Anar Məmmədov “Facebook” səhifəsində məlumat yayıb.
Belə ki, hərəkətdə olan “Honda” markalı avtomobil yüksək sürətlə təhlükəli manevrlər edərək hərəkətdə olan başqa bir avtomobilə, daha sonra isə yol kənarında dayanmış daha 3 maşına çırpılıb. Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı və avtomobillərə ciddi ziyan dəydiyi bildirilir. Şahidlərin bildirdiyinə görə qəzanı törədən sərxoş sürücü avtomobildən düşərək hadisə yerindən qaçıb.
Sosial şəbəkələrdə hadisəni törədən şəxsin Müsavat partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı olduğu bildirilir.
“AzPolitika.info”


Şərhlər