Menu

Paşinyan Rusiya hərbi bazasını Fransa bazası ilə əvəz edə bilərmi? – “Kreml 3 addımla Ermənistanı çökdürməyə çalışacaq”

27.10.2023, 17:33
Paşinyan Rusiya hərbi bazasını Fransa bazası ilə əvəz edə bilərmi? – “Kreml 3 addımla Ermənistanı çökdürməyə çalışacaq”

Rusiya və Ermənistan prezidentləri Dmitri Medvedev və Serj Sarkisyan tərəfindən 2010-cu ildə imzalanmış Rusiya bazası haqqında müqavilənin 5 saylı protokoluna əsasən, onun Ermənistan ərazisində yerləşmə müddəti 2044-cü ilə qədər uzadılıb.

Sazişə görə, Ermənistan birtərəfli qaydada bazaları ləğv edə bilməz. Dövlət Dumasının Müdafiə komitəsinin sədr müavini Yuri Şvıtkin deyib ki, müqavilənin müddəti onun bitməsinə 6 ay qalmış tərəflərdən birinin ona xitam vermək niyyəti barədə məlumat vermədiyi təqdirdə avtomatik olaraq növbəti beş illik müddətə uzadılır. "Bu müqavilənin müddəalarına tərəflərdən birinin təşəbbüsü və qarşılıqlı razılaşma əsasında yenidən baxıla bilər”,- o qeyd edib.

Bəs Ermənistanın hazırki qərbyönlü siyasət yürütməyə çalışan Baş naziri Nikol Paşinyan günün birində Rusiya hərbi bazasını Ermənistandan çıxarmağa və boşalan yeri Fransa hərbi bazasıyla əvəz etməyə müvəffəq olarsa, bunun Azərbaycan üçün təhlükəsi ola bilərmi?

Politoloq Elxan Şahinoğlu bildirir ki, ümumilikdə Rusiyanın Cənubi Qafqaza təsir imkanlarının azalması və Ermənistandan çıxması Azərbaycanın da maraqlarına uyğundur. Onun sözlərinə görə, Ermənistanda möhkəmlənmək istəyən Fransa bizə Rusiya qədər problem yarada bilməyəcək, çünki qarşısında Azərbaycanla yanaşı Türkiyəni də görəcək: “Bununla Fransa özünü bəlaya salacaq. NATO üzvü Fransanın Ermənistanda hərbi bazası olacaqsa, digər NATO üzvü Türkiyənin də Azərbaycanda hərbi bazası olacaq. Fransa Ermənistanı Avropa İttifaqı və NATO üzvlüyünə qəbul etdirə bilməyəcək. Çünki bu yalnız Fransanın istəyindən asılı deyil”.

Ekspert hesab edir ki, Rusiya Ermənistanın simasında Cənubi Qafqazda son forpostunu itirməsinin əvəzini İrəvandan artıqlamasıyla çıxacaq. “Rusiya 3 addımla Ermənistanı çökdürməyə çalışacaq: 

- Rusiya Ermənistana satdığı qazın qiymətini ya bahalaşdıracaq, ya da tamamilə kəsəcək;

- Rusiya öz bazarını Ermənistan məhsullarına qapadacaq; 

- Rusiyada çalışan ermənilərin Ermənistana pul köçürmələri ya çətinləşəcək, ya da tamamilə dayandırılacaq.

Fransa bu problemlərin hansı birinin həllində Ermənistana kömək edə biləcək? Fransa Ermənistana nəql edilən Rusiya qazını nə ilə əvəz edəcək və ya bazarını Ermənistan məhsullarına açacaqmı”, - E.Şahinoğlu sual edir. 

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol