İSRAİLİN DALANA DİRƏNƏN “HƏLL YOLU”... - Netanyahu hakimiyyəti tamamilə başqa yerdən sarsıdıcı zərbə ala bilər

Qəzzada yaşanan qanlı hadisələr beynəlxalq ictimaiyyətin İsrailə qarşı etirazlarını getdikcə artırır

İsrail az qala hərbi düşərgəyə çevrilib və mövcudluğunu birbaşa ABŞ-a bağlayıb

Qəzza bölgəsində baş verənlər İsrail ilə Fələstin ərəbləri arasında 75 ildir ki, davam edən ədavətin bitməsi üçün indiyədək görülən bütün işlərin fiaskoya uğradığını göstərir. Hətta tərəflər arasında 1993-cü ildə bağlanmış sülh sazişindən sonra Yasər Ərəfat, İshaq Rabin və Şimon Peres Nobel sülh mükafatına layiq görülsələr də, məsələ öz köklü həllini tapmadı.

Sözsüz ki, sülh planı mütləq işə düşməlidir, ancaq bunun hansı formula əsasında həyata keçirilməsi bəlli deyil. Hansı ki, sülhə nail olmaq üçün gərək hər iki tərəf kəskin və radikal qərarlardan vaz keçsin...

Əgər İsrail yenə deyirsə ki, Qüds şəhəri onun paytaxtı olmalıdır, Fələstin isə bunun əksini söyləyirsə, deməli, ortaq məxrəcə gəlinməsi elə ilk başdan mümkünsüzdür. Digər yandan, ərəb dövlətləri və fələstinliləri dəstəkləyən İslam ölkələri haqlı olaraq bildirirlər ki, barışın əldə olunması üçün 1967-ci ildəki “Altı günlük müharibə”-dən öncəki sərhədlərə qayıdılmalıdır. İsrail isə bunu qətiyyən qəbul etmir.

Hazırda Qərb sahili (İordan çayının qərb sahili) adlanan bölgə var ki, həmin ərazidə Fələstin Milli Administrasiyası qurulub. Lakin bu, tam müstəqil dövlət quruluşu deyil və ABŞ başda olmaqla bir çox Qərb ölkəsi onun müstəqilliyini tanımaq istəmir. Həmin ərazi A,B,C sektorlarına bölünüb və İsrail ordusu oradakı iki sektoru tam işğal edib.

Başıbəlalı Qəzza sektoru isə bütövlüklə blokadaya alınıb və oraya giriş-çıxış yalnız İsrailin icazəsi ilə mümkündür. Belə şərtlər daxilində israillilərlə fələstinlilər arasında anlaşma yaranacağı inandırıcı görünmür.

Ola bilər ki, biz indi bu münaqişənin ən kritik dönüş nöqtəsinə şahidlik edirik və əgər müharibədə İsrail istədiyi qələbəni əldə edə bilməsə, o zaman Qərbin köməyinə baxmayaraq, İsrailin daxilində ciddi siyasi təlatümlər baş qaldıracaq. Benyamin Netanyahunun “X”(tvitter) sosial şəbəkəsində ordunu, kəşfiyyatı ittiham edən yazı qoyması və sonra isə yazdıqlarını silərək buna görə üzr istəməsi daxildə vəziyyətin nə qədər gərgin olmasından xəbər verir.

İsrail qurulduğu dövrdən indiyə kimi yalnız ABŞ sayəsində öz mövcudluğu uğrunda mücadilə aparmaq iqtidarında olub. Bu gün İsrail yüksək texnoloji silahlar istehsal etsə də, ərəb dövlətləri ilə əhatələnmiş vəziyyətdə onun özünü təkbaşına qoruması hədsiz dərəcədə çətindir.

HƏMAS-la müharibə başlamamışdan öncə İsrail inteqrasiyalı “dəmir günbəz” adlandırılan Hava Hücumundan Müdafiə sistemləri, yaxşı döyüş qabiliyyətinə malik “Merkava” tankları və güclü kəşfiyyatı ilə öyünürdü. Lakin bu, HƏMAS-ın öhdəsindən gəlməyə kömək etmədi.

Bəs, İsrail ərəb ölkələri ilə müharibə vəziyyətində və gərgin şəraitdə nə qədər yaşaya bilər? Ölkə demək olar ki, az qala hərbi düşərgəyə çevrilib. İsrail öz həyatını və mövcudluğunu birbaşa ABŞ-a bağlayıb. Bu strategiya nə vaxta kimi faydalı ola bilər?

Qəzza sektorunda baş verən son hadisələr göstərir ki, Amerikanın gözlənilən müdaxiləsindən çəkindikləri üçün fələstinliləri dəstəkləyən “Hizbullah” təşkilatı hələ ki, təmkinli davaranır. Əks halda İsrail bir neçə cəbhədə döyüşmək məcburiyyətində qalacaq. Yəməndəki husilər artıq İsrailə müharibə elan ediblər.

Bir sıra analitiklər çox vaxt keçmişi xatırlayaraq deyirlər ki, öncəki dönəmlərdəki bütün müharibələrdə İsrail ərəblərə qalib gəlib. Əslində, İsrailin ən son qələbəsi 1973-cü ildəki Yom-Kipur müharibəsi zamanı baş verib. Sonrakı dövrlərdə İsrail ordusu tam qalibiyyət əldə edə bilməyib.

1982-ci ildə Livan müharibəsində İsrail Beyruta girərək Fələstin Azadlıq Təşkilatını oradan çıxarsa da, Suriya ilə apardığı döyüşlərdə gözlədiyi üstünlüyü qazana bilməmişdi və məqsədinə nail olmamışdı. İsrail ordusu “Hizbullah”a qarşı 2006-cı ildə başlatdığı İkinci Livan müharibəsində də planladığı nəticəni əldə edə bilməmiş və çoxsaylı itkilər vermişdi.

İndi İsrailin qarşısında şimalda “Hizbullah”, cənubda isə HƏMAS təhlükəsi dayanıb. Amma o, artıq 20 ildir ki, bu təşkilatları məhv etməyi qarşısına məqsəd qoysa da, istədiyinə heç cür nail ola bilmir.

Əksinə, HƏMAS-a qarşı mübarizədə edəcəyi yeganə həmlə dinc əhalinin başına bomba yağdırmaq, qadın və uşaqları qətlə yetirmək olub, küçə döyüşlərinə girməyə isə cürət etməyib. İsrail ordusu 2006-cı ildə Beyrutu bombalamaqla “Hizbullah”a qarşı da eyni taktikanı tutmuşdu.

Beləliklə, İsrail fələstinlilərin ərazisini işğal etsə də, heç cür rahatlıq tapmayıb. İsrail hökuməti 1993-cü ildə Yasir Ərafatla “Oslo müqaviləsi”ni imzalayanda Qəzza sektorunda HƏMAS kimi radikal təşkilatın necə güclənəcəyini və onun 2006-cı ilin yanvarında Fələstin Qanunverici Şurasına keçiriləcək seçkilərdə qalib gələrək uzunmüddətli mücadilə aparacağını hesablaya bilməmişdi. Eynilə də İsrail rəhbərliyi FƏTH-lə HƏMAS arasındakı ixtilafdan hər zaman yararlanacağını düşünürdü...

Qəzzada yaşanan qanlı hadisələr beynəlxalq ictimaiyyətin İsrailə qarşı etirazlarını getdikcə artırır. Bu yaxınlarda BMT Baş Assambleyası Qəzzada atəşkəs elan edilməsi ilə bağlı qətnamə qəbul edib. Həmin səsvermə zamanı dünya ölkələrinin İsrailə olan mənfi və qəzəbli münasibəti aydın göründü. Layihənin lehinə 120, əleyhinə isə cəmi 14 ölkə səs verdi, 45 ölkə isə bitərəf qaldı. Əgər Qəzzadakı bombalama davam edərsə, hər hansı yeni səsvermədə neytral mövqe nümayiş etdirmiş Avropa ölkələri də İsrailin əleyhinə çıxacaqlar.

İsrailin ən yaxın müttəfiqi ABŞ-ın özündə də ictimaiyyət Qəzzada baş verənlərdən narahatlığını ifadə edir. Məsələn, bir qrup etirazçının ABŞ dövlət katibi Entoni Blinkenin Senat komitəsində keçirilən dinləmədəki açılış nitqini kəsməsi və “atəşkəs indi”, ”Qəzzadakı uşaqları xilas et” kimi şüarlar səsləndirmələri Amerika cəmiyyətinin səssiz qalmayacağının əlamətidir.


Qəzza ilə bağlı indiki vəziyyətdə İsrailin ən böyük problemi təkcə Fələstin məsələsi deyil. B.Netanyahu və onu dəstəkləyən İsrail siyasi elitası tamamilə başqa yerdən sarsıdıcı zərbə ala bilər.

Onlar antisemitizm əhvalının baş qaldırması ehtimalını əsla nəzərdən qaçırmamalıdırlar. Mahaçkalada cərəyan edən hadisələrin daha geniş miqyas alması tamamilə realdır. Bu isə nəinki İsrail dövləti, eləcə də yəhudi xalqı üçün gözlənilməz faciənin qapısını aralamış olar. Yəhudilər əleyhinə çıxışlar təkcə müsəlman ölkələrində deyil, həmçinin Avropada da alovlanar.

İsrail Qəzzanı birinci dəfə deyil ki, bombalayır. Lakin belə amansız və intensiv bombardman heç zaman olmayıb. Hələ üstəlik, Netanyahu Bibliyadan və tarixdən yersiz nümunələr gətirərək dinc sakinlərin bomba yağışına tutulmasına bəraət qazandırmağa da çalışır.


Keçmişdəki bombalama əməliyyatlarından İsraili hər dəfə ABŞ çəkindirib, çünki Ağ Evdə anlayırlar ki, bunun sonu yaxşı olmayacaq və İsrailə nifrət artacaq. Ancaq bu dəfə vəziyyət bir qədər fərqlidir. İsrail Baş naziri və hərbi komandanlığı girovları azad edəcəklərini və HƏMAS-ın sonuna çıxacaqlarını bəyan ediblər. Lakin görünən odur ki, bunun yolunu bilmirlər.

Əslində, ən yaxşı variant Fələstin dustaqlarının buraxılmasıdır. Hələlik, Netanyahu buna getməkdən çəkinir. Bəlkə də girovların azad edilməsilə bağlı Təl-Əvivdə keçirilən mitinqlər elə onun işinə yarayır və bir müddətdən sonra deyəcək ki, girovları azad etməyin yeganə yolu İsrail həbsxanalarındakı fələstinlilərin sərbəst buraxılmasıdır. Əlbəttə, çətinliklə üzləşəndə hər cür manevrlərdən istifadəyə baş vurulacağı istisna deyil...

Ümumiyyətlə, İsrail-HƏMAS müharibəsinin arxasında böyük güclərin maraqlarının dayanmasını hesabdan silməyək. Səksən ilə yaxındır ki, Amerika Yaxın Şərqdəki geostrateji planlarını əsas etibarı ilə İsrail üzərindən qurub. Vaşinqtonun bu günə kimi apardığı Yaxın Şərq siyasəti mahiyyətcə dəyişməyib.

Bəlkə də İkinci Dünya Müharibəsindən indiyədək davam edən dünya nizamı modeli ABŞ-dan bunu tələb edib. Amma Amerika Prezidenti Co Bayden son çıxışlarının birində deyib ki, dünyanın yeni nizam qaydalarına keçməsinə ehtiyac var.

Heç şübhə yoxdur ki, yeni dünya nizamında yeni enerji və nəqliyyat dəhlizləri xüsusi yer tutacaq və dünya ticarət yolları üstündə sabitliyin təminatı və təhlükəsizliyin qorunması vacib prioritetlərdən olacaq. Bu halda, yəqin ki, Avrasiyanın mərkəzində yerləşən Yaxın Şərqə yeni format verilməyə çalışılacaq və o zaman görəsən, ABŞ üçün İsrail öz aktuallığını saxlayacaqmı?

Vaqif Nəsibov

“AzPolitika.info”

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться...

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в...

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок —...