Menu

“Azərbaycan Ordusu Cənubi Qafqazda sülhün, təhlükəsizliyin qarantıdır” – “Ermənistan hərbi obyektləri qanuni hədəfdir”

08.11.2023, 11:31
“Azərbaycan Ordusu Cənubi Qafqazda sülhün, təhlükəsizliyin qarantıdır” – “Ermənistan hərbi obyektləri qanuni hədəfdir”

Polad Mehdiyev

BDU-nun müəllimi, hüquqşünas

Azərbaycan Hərbi Doktrinasının 28-ci bəndinə əsasən, Ermənistanın ərazilərimizin bir hissəsini işğal altında saxlaması və problemin siyasi yolla tənzimlənməsi çərçivəsində işğal altında olan torpaqları qaytarmaqdan imtina etməsi səbəbindən, Azərbaycan Respublikası beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, ərazi bütövlüyünü bərpa etmək məqsədi ilə hərbi güc daxil olmaqla bütün lazımi vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır. Azərbaycan Respublikası xalqın və ölkənin milli maraqlarını təmin etməyə qadir müstəqil, demokratik, hüquqi, dünyəvi, unitar dövlət olaraq, öz inkişafı naminə milli təhlükəsizlik siyasətini müəyyən edir və həyata keçirir.

2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatları ilə başlayan, 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edilərək ölkəmizin ərazi bütövlüyü bərpa edilib.

Bu ilin sentyabr ayının 19-da Azərbaycan Ordusu tərəfindən beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq bir günlük anti-terror əməliyyatı nəticəsində isə Azərbaycan ərazisindəki Ermənistan ordusunun qalıqları təslim edilərək, Azərbaycan Respublikasının suverenliyi tam olaraq bərpa edilib.

Beləliklə, Azərbaycan 30 il davam edən münaqişədə mütləq Zəfər qazandı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Qazanılmış bu möhtəşəm qələbə Ali Baş Komandanın, Azərbaycan Ordusunun və bütövlükdə Azərbaycan xalqının zəfəridir.

Prezidentin 3 dekabr 2020-ci il tarixli sərəncamına əsasən hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.

Bu gün Zəfər günüdür və biz Xankəndidəyik!

Bu ilin sentyabr ayında separatçılardan təmizlədiyimiz Xankəndi şəhərində hərbi parad keçiririk.

Sonuncu dəfə Xankəndidə hərbi parad 1919-cu ilin iyul ayında Azərbaycan Xalq Cumhuriyyəti dövründə keçirilib.

Bu gün 104 il sonra yenidən tarixi ədalət bərpa olunur. Bayrağımız Xankəndidə dalğalanır, Ordumuz dövlətimizin, xalqımızın gücünü nümayış etdirir.

Ali Baş Komandan, Prezident İlham Əliyevin qəbul edəcəyi Xankəndi paradı Azərbaycan tarixinə qızıl hərflərlə yazılan şanlı hadisə kimi həkk olunacaq. Azərbaycan xalqının hər bir nümayəndəsi bu günü 30 ildən artıq müddətdir gözləyib. Zəfər Günü xalqımızın qürur, sevinc və qələbə günü olaraq qalacaq.

Bu günkü hərbi paradda bütün dünyaya göstərəcəyik ki, Xalqımız qalib xalqdır, Ordumuz qalib ordudur, Azərbaycanın bütün ərazisi de-yure və de-fakto onun yurisdiksiyasındadır!

Nəticə olaraq qeyd edə bilərik ki:

1.Azərbaycan Respublikası öz ərazi bütövlüyünü və suverenliyini tam olaraq təmin etmiş oldu. (Etnik münaqişələrlə üzləşmiş MDB ölkələri arasında ilk dəfə və yeganə olaraq)

2. Azərbaycan Cənubi Qafqazın əsas güc sahibidir, Ordumuz qarşısına qoyulan hədəfləri minimum itkilərlə, yüksək peşəkarlıqla həyata keçirərək adını dünyanın ən güclü orduları sırasına yazdırıb. Ermənistanla sülh müqaviləsi imzalandıqdan sonra Cənubi Qafqazda təhlükəsizliyin və sülhün əsas təminatçısı Azırbaycan Silahlı Qüvvələri olacaq.

3. Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalandıqdan yayındıqca bütün erməni hərbi obyektləri Azərbaycan üçün qanuni hərbi hədəflər olaraq qalır.

Dövlətimiz, Xalqımız, Ordumuz var olsun, Bayrağımız həmişə yüksəkliklərdə dalğalansın, Zəfər Bayramımız mübarək olsun!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol