İsrail Müdafiə Qüvvələri (İMQ) noyabrın 16-na keçən gecə HƏMAS qruplaşmasının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Qəzza zolağındakı iqamətgahına zərbə endirib.
“AzPolitika.info” Qərb mediasına istinadla xəbər verir ki, bu barədə İMQ-nin yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, Haniyənin iqamətgahı terror infrastrukturu kimi istifadə edilib və tez-tez HƏMAS-ın yüksək səviyyəli liderlərinin İsrail vətəndaşlarına və İsrail ordusuna qarşı terror hücumlarını müzakirə etmək üçün görüş yeri olub.
Məlumatda daha sonra qeyd olunur ki, hərbçilər HAMAS-ın Qəzzanın qərb istiqamətində yerləşən Əl-Şati düşərgəsini ələ keçirib. Məlumata görə, burada təşkilatın dəniz qüvvələrinə məxsus dalğıc avadanlığı, partlayıcı qurğular və silahlarla dolu anbarı aşkar edilərək məhv edilib.
Cümə axşamı həmçinin İsrail ordusu Qəzzanın ən böyük xəstəxanası adlandırılan Əl-Şifa xəstəxanasının ərazisində hərbi əməliyyatları davam etdirib. Qəzza zolağının səhiyyə nazirliyi cümə axşamı bildirib ki, İsrail buldozerləri xəstəxananın cənub girişinin bir hissəsini dağıdıb. İsrail rəhbərliyi hesab edir ki, yaraqlılar Əl-Şifa kompleksinin altında tunellər şəbəkəsi yaradıblar və orada HƏMAS-ın komanda məntəqəsi yerləşir. Qrupun özü və xəstəxana işçiləri bunu inkar edir.
İsrail əsgərləri Əl-Şifaya girməzdən əvvəl BMT agentlikləri İsrailin Qəzza zolağında əməliyyatı başlayandan bəri xəstəxanaya sığınan təxminən 2300 xəstə, tibb işçisi və köçkün mülki vətəndaş olduğunu təxmin edirdi. Hərbçilər vurğulayırlar ki, əməliyyat zamanı tibb müəssisəsinin əməkdaşlarına və mülki əhaliyə zərər vurmamağa çalışırlar.
Noyabrın 15-də BMT Təhlükəsizlik Şurası mülki insanlara yardım çatdırmaq üçün Qəzza zolağında uzunmüddətli humanitar atəşkəsə çağıran qətnamə qəbul edib. İsrail Xarici İşlər Nazirliyi sənədi rədd edərək, HƏMAS-ın İsrail vətəndaşlarını girov saxladığı müddətcə belə tədbirlərin yersiz olduğunu bildirib.
ABŞ Prezidenti Co Bayden jurnalistlərlə söhbətində deyib ki, o, HƏMAS-ın girovluğunda olan israilliləri azad etmək üçün əlindən gələni edir. Həmçinin, Baydenin sözlərinə görə, o, İsrailin Baş naziri Benyamin Netanyahuya aydın şəkildə bildirib ki, iki dövlətin - İsrail və Fələstinin birgə yaşaması düsturunun Yaxın Şərq münaqişəsinin həlli üçün yeganə variant olduğuna inanır. “Qəzzanın işğalı birmənalı şəkildə yeni qarşıdurmalara yol açacaq və bu, böyük səhv olardı”, - o qeyd edib.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər