Avropa ölkələrində qatı sağçı, millətçi partiyaların populyarlığı getdikcə artmaqdadır. Xüsusilə də Ukraynadakı müharibə nəticəsində Avropaya qaçqın axınının artması, eləcə də müsəlman ölkələrindən gələn miqrantların çoxalması bu partiyaların millətçi sosial bazasını xeyli aktivləşdirib.
“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, Hollandiyada keçirilən növbədənkənar parlament seçkilərində Geert Vildersin rəhbərlik etdiyi ifrat sağçı Azadlıq Partiyası (PVV) liderlik edir. “Ipsos” tədqiqat agentliyinin keçirdiyi ilk “exit-poll”-un nəticələrinə görə, Azadlıq Partiyası parlamentdə 35 yer, sol blok (GL/PvdA) - 26 yer, hakim Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası (VVD) - 23 yer və Yeni Sosial Müqavilə (NSC) partiyası 20 yer qazanıb.
Qeyd edək ki, Hollandiya parlamentində 150 yer var və əgər partiyalardan heç biri 25%-dən çox səs toplaya bilməsə, koalisiya yaratmaq üçün danışıqlar başlayacaq. Əksər partiyalar, o cümlədən sol blok (GL/PvdA) və Yeni Sosial Müqavilə (NSC) partiyaları daha əvvəl ifrat sağçılarla koalisiya ehtimalını istisna etmişdilər. Lakin hazırkı Baş nazir Mark Ruttenin Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası (VVD) belə bir ehtimalı istisna etməyib. Eyni zamanda ifrat sağçılarla koalisiya yaranacağı təqdirdə bu partiya Azadlıq Partiyasının (PVV) lideri Vildersi hökumət başçısı kimi görmək istəmir.
Vildersin özü isə VVD və NSC ilə koalisiyanı istisna etmir, lakin sol blokla birləşməkdən qətiyyətlə imtina edir.
Onu da qeyd edək ki, seçki kampaniyası zamanı Vilders müsəlman ölkələrindən miqrasiyanı azaltmaqla və bu ölkələrdən gələnlərə sığınacaq verməkdən imtina etməklə ölkədəki müsəlmanların sayını azaltmağa söz verib. Vilders dəfələrlə Hollandiyada məscidlərin, İslam məktəblərinin bağlanması və Quranın qadağan edilməsini istəyib.
Vilders həmçinin, Macarıstanın Baş naziri Viktor Orbanın siyasətinin tərəfdarıdır. O, Hollandiyanı sərhədlərinə nəzarət etməyə, ölkənin Avropa İttifaqına(Aİ) ödənişlərini əhəmiyyətli dərəcədə azaltmağa və yeni üzvlərin qəbul olunmasına mane olmağa çağıraraq, açıq şəkildə Aİ-yə qarşı çıxır. Qatı sağçı və millətçi Vilders eləcə də dəfələrlə bildirib ki, Hollandiya Ukraynaya silah tədarükünü dayandırmalıdır.
Yeri gəlmişkən, Orban dərhal Vildersi təbrik edib və onun qələbəsini “Avropaya dəyişikliklər küləyi”nin gəlməsi kimi qiymətləndirib.
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər
Əslində 1-ci və 2-ci dünya savaşınıda almanlar başlamış hər iki savaşda uduzmuş,burda bir incəlik var anqlosakslar almanları əjdadları olduğunu və bu miflə almanları çox rahat ələ alıb müharibələrə zövq edirlər,bunulada Avropadakı dövlətləri zəiflədib özlərindən aslı saxlayırlar.
Avropada Almaniyanın yan-yörəsindəki ölkələrə qatı islam düşmənlərini lider təyin etməkdə məqsəd Almaniyada neonasizmi hakimiyyətə gətirmək və Avropada ikinci Hitler diriltməkdir,yüz il qabaq sovetlərə qarşı savaşmaq üçün nasistləri diriltdikləri kimi.O üzdən Almaniyanın yenidən təpədən-dırnağa silahlandırılması məsələsinə baxmaq söhbətləri gedir okeanın o tayında.Beləcə,həm islamın Avropaya yayılmasının,həm də Rusiyanın qarşısı alınacaqmış.Almaniya bu iki böyük vəzifə üçün böyük “həyati zona”ya sahib olmalıdır əlbəttə,odur ki irəlicədən Almaniyaətrafı ölkələr nasistləşdirilir ki,sabah Berlində nasistlər hakimiyyətə gətirildiyində o ölkələr öz xoşlarıyla,sevə-sevə Almaniyaya qoşulsunlar.O üzdən yaxın bir-iki il içində Berlində də seçkilərdə nasistlər qalib gəldi desələr təəccüblənməyin.