Menu

“Bu fikirləri söyləyənin sülhdən danışması riyakarlıqla yanaşı, düşmənçilikdir” – “Gec-tez yola gələcəklər...”

02.12.2023, 14:30
“Bu fikirləri söyləyənin sülhdən danışması riyakarlıqla yanaşı, düşmənçilikdir” – “Gec-tez yola gələcəklər...”

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin reallaşacağı bir vaxtda Qərb platforması son iki ayda apardığı siyasətə sadiq qalaraq bir daha iki ölkə arasında barışın yaxınlaşmasına mane olur”.

“AzPolitika.info” xəbər verir ki, bunu təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl sülh danışıqlarında yaranmış duruma Qərbin mövqeyinin mümkün təsirlərini şərh edərkən bildirib.

Ekspert bu günlərdə Avropa Parlamentinin beynəlxalq münasibətlər üzrə komitəsinin yaydığı illik hesabatda yer alan məqamlara diqqət çəkib:

“Hesabatda Azərbaycana qarşı əsassız iddialar, hücumlar və Azərbaycanı təcrid edəcək çağırışlar yer alıb. Azərbaycanı “Dağlıq Qarabağa əvvəlcədən planlaşdırılan hücumda” pisləyən, bunun “nəticəsiz qalmayacağı”ilə təhdid edən Avropa Parlamenti “Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməyə” çağırıb. Sənəddə həmçinin enerji üzrə anlaşma memorandumunun və Azərbaycanla yeni tərəfdaşlıq sazişi üzrə danışıqların dayandırılması tələb olunur”.

İ. İsmayıl qeyd edir ki, növbəti anti-sülh çağırışı Avropa İttifaqının “Avropa Sülh Fondu” tərəfindən gəlib. “Təzadlıdır deyilmi? Adın sülh fondu ola, amma Ermənistanı silahla təmin etməyə qərar verəsən, özü də sülh müqaviləsinin imzalanmasının gündəmdə olduğu bir zamanda”, - o vurğulayıb.

İlham İsmayıl xatırladır ki, ATƏT-in 30-cu Nazirlər Şurası forumunda Ararat Mirzoyan çıxışına belə bir başlıq verib:“Azərbaycan vasitəçilərin görüşmək və sülh müqaviləsi bağlamaq təkliflərini rədd etməkdən əl çəksin”. Onun sözlərinə görə, Mirzoyanın qeyri-səmimiliyi çıxışının hər cümləsində özünü göstərir:

“Ermənistan XİN rəhbəri Azərbaycana qarşı elə ittihamlar irəli sürür ki, bu, sülhə deyil, savaşa səsləməkdir.

Diqqət edək:“Doqquz aydan çox davam edən qeyri-insani blokadadan sonra Azərbaycan sentyabrın 19-da Dağlıq Qarabağ əhalisinə qarşı növbəti irimiqyaslı hərbi hücum həyata keçirib. Bu, yerli əhalinin Dağlıq Qarabağdan kütləvi şəkildə məcburi köçürülməsinə səbəb oldu. Demək olar ki, beynəlxalq ictimaiyyətin susqun razılığı ilə Azərbaycan çoxdankı məqsədinə - erməni əhalisi olmadan Dağlıq Qarabağ ərazisini əldə etməyə nail oldu. Amma bundan sonra da Azərbaycan tərəfinin tələbləri dayanmadı. İndi Ermənistanın bütün suveren ərazisi qonşumuz üçün hədəfə çevrilib. Bu ölkə regionda sülh və sabitliyin bərqərar olmasında maraqlı deyil”.

Ekspert vurğulayır ki, beynəlxalq platformada bu fikirləri söyləyənin sülhdən danışması riyakarlıqla yanaşı, düşmənçilikdir.

“Sülh istəyən belə danışmaz. Sülh istəyən Ermənistanı silahlandırmaz. Sülh istəyən Azərbaycanı sanksiya ilə hədələməz. Sülh istəyən vasitəçi tərəf tutmaz”, - o qeyd edir.

Təhlükəsizlik eksperti bir məqama da diqqət çəkir:“Sülh istəməyənlərin Azərbaycanı hədəfə alan bəyanatları məhz vasitəçisiz olaraq delimitasiya komissiyalarının sərhəddə ikitərəfli görüşü keçirilən gün elan olunur. Sərhəddə vasitəçisiz keçirilən ikitərəfli görüşün daha çox Azərbaycan cəmiyyətinin gündəmində olduğunu desək, yanılmarıq. Çünki Ermənistanı dünən də, bu gün də ən çox narahat edən Yuxarı Lars yolunda erməni maşınlarının Rusiya sərhəddini keçə bilməməsi və əksər maşınların da geri qaytarılmasıdır. Rusiya tərəfindən fitosanitariya adı altında yüklərin buraxılmamasını təzyiq kimi qiymətləndirən ermənilər təlaş içərisindədirlər. Vaxtilə Rusiyanın postsovet respublikaları - Moldova və Gürcüstana, daha sonra Türkiyəyə bu ad altında təzyiqlər göstərdiyi məlumdur və artıq ermənilər də sərhəddə baş verənləri “Ermənistan diz çökdürülür” kimi qəbul edirlər. Amma yenə Azərbaycanla sülh bağlamaqdan müxtəlif bəhanələrlə yayınırlar. Əgər sülh olsaydı, Zəngəzur yolu Azərbaycan üçün açılsaydı, Ermənistan da Azərbaycandan keçməklə alternativ yoldan istifadə edə bilərdi. Lakin erməni siyasiləri, politoloqları, hətta sıraviləri bu variantı belə bir vəziyyətdə də dilə gətirmirlər”.

İlham İsmayıl şərhinin sonunda vurğulayıb ki, ermənilər və ermənipərəstlər səhv edə-edə 30 ildir yol gəlirlər: “İndi də növbəti səhvlərini edirlər, gec-tez bizim mövqeyimizə razılıq verəcəklər, çünki bizim karvanımız düz yoldadır”.

Rasim Əliyev

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol