İsrail hərbçiləri Qəzza zolağında HƏMAS təçkilatının istifadə etdiyi tunelləri su ilə doldurmağı düşünür.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “The Wall Street Journal” Amerika hakimiyyət orqanlarına istinadən yazıb.
Nəşrin məlumatına görə, noyabrın ortalarında İsrail Müdafiə Qüvvələri (IDF) Əl-Şati qaçqın düşərgəsindən təxminən bir kilometr yarım şimalda ən azı beş nasosun quraşdırılmasını başa çatdırıb. Qəzet yazır ki, saatda minlərlə kubmetr su verildikdə, yeraltı şəbəkə bir neçə həftə ərzində tamamilə su altında qala bilər.
HƏMAS-ın Qəzza zolağında saxladığı bütün girovlar azad edilənə qədər İsrail hərbçilərinin bu varianta əl atıb-atmayacağı bəlli deyil.
İDF-nin məlumatına görə, tunellər Qəzza zolağında məktəblər və idman mərkəzləri, məscidlər və xəstəxanaların altından keçir. Bu tunellərin sistemi haqqında dəqiq məlumat yoxdur. 2021-ci ildə HƏMAS-ın liderlərindən biri və onun Qəzza zolağındakı Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar açıq şəkildə Qəzza zolağında tunellərin 500 kilometrə çatdığını bəyan edib. Bu məlumatları yoxlamaq mümkün deyil. İsrail əsgərləri bu yeraltı labirintini “Qəzza metrosu” adlandırırlar.
“AzPolitika.info”


Şərhlər