Menu

“Naxçıvan Bank”ın lisenziyası ləğv edilir? – “Bu, bank bazarında inhisarlaşma meyllərinin gücləndiyini göstərir”

05.12.2023, 16:17
“Naxçıvan Bank”ın lisenziyası ləğv edilir? – “Bu, bank bazarında inhisarlaşma meyllərinin gücləndiyini göstərir”

Xəbər verildiyi kimi, “Naxçıvan Bank”ın 100 milyonluq kredit portfelinin bir hissəsi “Kapital Bank”a ötürülüb.

Bununla bağlı “Naxçıvan Bank”ın müştərilərinə SMS bildiriş göndərilib. Qeyd edilib ki, dekabrın 4-dən etibarən bank müştərilərinin kredit müqaviləsinin şərtləri dəyişmədən “Kapital Bank”a ötürülür. Yəni artıq müştərilər kredit ödənişlərini “Kapital Bank”a ödəməli olacaqlar.

Qeyd edək ki, sözügedən açıqlamanın ardından “Naxçıvan Bank”ın gələcək fəaliyyəti ilə bağlı bir sıra fikirlər səsləndirilib. Əksər sosial şəbəkə istifadəçisi qarşıdakı aylarda bankın lisenziyasının ləğvi ilə bağlı məsələnin gündəmə gələ biləcəyini, kredit portfelinin də məhz bu səbəbdən “Kapital Bank”a ötürüldüyünü iddia ediblər.

“Kapital Bank”dan isə bildirilib ki, söhbət bankın tam kredit portfelindən getmir və “Naxçıvan Bank”ın istehlak kreditlərinin yalnız bir hissəsi “Kapital Bank”a ötürülüb.

Məlumat üçün bildirək ki, 2008-ci ildə təsis edilən “Naxçıvan Bank” ASC-nin 10 filialı var və onlardan 9-u Naxçıvandadır. Bank 2023-cü ilin 9 ayını (yanvar-sentyabr) 11 milyon 360 min manat xalis mənfəət ilə başa vursa da, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə aşağıdır. Belə ki, bank ötən ilin eyni dövrünü 12 milyon 441 min manat xalis mənfəət ilə bağlamışdı. Bankın xalis mənfəətindəki 1 milyon 82 min manat və ya 8,7% azalma bu ilin 9 ayında mənfəət vergisi ödənilməsi ilə əlaqədardır.

Digər tərəfdən, bu il ötən illə müqayisədə bankın kredit portfelində artım baş verib. Belə ki, 30 sentyabr 2023-cü il tarixində “Naxçıvan Bank” tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 202 milyon 500 min manat təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 28 milyon 877 min manat və ya 16,6% çoxdur. Eyni dövrdə bankın cəmi aktivləri 43 milyon 981 min manat və ya 17,7% azalaraq 302 milyon 482 min manata düşüb. Aktivlərdəki azalma bankın depozit portfelindəki azalmadan qaynaqlanır. Ötən ilin sonu ilə müqayisədə “Naxçıvan Bank”da depozitlər 51 milyon 853 min manat və ya 33,4% azalaraq 103 milyon 563 min manata düşüb.

Bu məsələ ilə bağlı bank sektoru üzrə ekspert Əkrəm Həsənov “AzPolitika.info”-ya şərhində bildirib ki, kredit portfelinin başqa bir banka ötürülməsi “Naxçıvan Bank”ın lisenziyasının dərhal ləğv ediləcəyi anlamına gəlmir: “Öncə biz bilməliyik ki, kredit portfeli necə və nə zaman başqa şəxslərə ötürülür? “Naxçıvan Bank” öz müştərilərinə kreditlər verib və bu kreditlər müəyyən müddətdən sonra geri qaytarılmalıdır. Amma “Naxçıvan Bank”ın bu gün pula ehtiyacı var. Bank məhz buna görə, verdiyi kreditləri başqasına satır. Məsələn, “Naxçıvan Bank” sizə 5 il müddətinə 1 milyon manat kredit verib. Pula ehtiyac yarandığından “Kapital Banka” mürəciət edir ki, “mənim kreditimi al”. Bu zaman təbii ki, “Kapital Bank” bu krediti daha güzəştli şərtlərlə əldə edir. Yəni Sizə verilən 1 milyon manatlıq kredit 950 min manat qarşılığında satılır “Kapital Bank”a. Daha sonra artıq bu krediti “Kapital Bank” sizdən tələb etməyə başlayır.

Bu, ondan xəbər verir ki, hazırda “Naxçıvan Bank”da vəziyyəti ürəkaçan deyil. Pula ehtiyac yaranıb, amma başqa mənbələri yoxdur. Hansı bank yaxşı günündə öz müştərilərini başqa bir banka ötürər? Ola bilsin ki, bank fəaliyyətini davam etdirəcək, lakin müştəri bazası azalacaq. Lakin eyni zamanda bankın tədricən bağlanma ehtimalı da var”,-deyə ekspert ələvə edib.

Ə. Həsənov qeyd edib ki, əslində bütün bunlar Azərbaycanın bank bazarında inhisarlaşma meyllərinin gücləndiyini göstərir. Ekspert “Kapital Bank”ın tədricən bank bazarını əlinə alan banklardan olduğunu bildirib.

Qeyd edək ki, ölkədə yeganə regional bank olan “Naxçıvan Bank” ASC vaxtı ilə Vasif Talıbovun ailə üzvlərinə məxsus olub. Talıbovlar ailəsi rəsmi olaraq 2023-cü ilin fevralın 1-dən bankın sahibliyini tərk ediblər və 14 milyon 59 min manat dividendlərini götürə biliblər. Hazırda bankın səhmlərinin mülkiyyətçiləri Hüseyn Məmmədov Yaşar oğlu (63,66 %), Rüfət Məmmədov Əhədağa oğlu (26,52 %) və Binnət Novruzov Yasin oğludur (9,82 %).

Elvin Bəyməmmədli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol