Menu

“Rusiya və Ukrayna sağ və sol əllərim kimidir...” – Yavlinski ukraynalılarla rusları barışdırmağın yolunu göstərdi

05.12.2023, 16:23
“Rusiya və Ukrayna sağ və sol əllərim kimidir...” – Yavlinski ukraynalılarla rusları barışdırmağın yolunu göstərdi

Tanınmış rusiyalı siyasətçi, “Yabloko” partiyasının qurucusu Qriqori Yavlinski bildirib ki, ruslarla ukraynalıları barışdırmaq mümkündür. Onun fikrincə, bununla bağlı tarixdə elə də uzaq olmayan Fransa və Almaniya nümunəsi var.

“AzPolitika.info” xəbər verir ki, “RBK”-ya müsahibə verən Qriqori Yavlinski növbəti dəfə ilk növbədə dərhal atəşkəsə nail olunmasının vacib olduğunu bildirib. Özü Ukraynanın Lvov şəhərində dünyaya gələn Yavlinski Ukraynanın onun üçün əziz olduğunu qeyd edib: “Ukrayna mənim üçün çox əzizdir. Mənim üçün Rusiya və Ukrayna sağ və sol əllərim kimidir”.

Siyasətçi deyib ki, bütün baş verən dəhşətlərə, qırğınlara rəğmən ruslar və ukraynalılar Fransa və Almaniyadan nümunə götürərək barışa bilərlər: “Fransa və Almaniya nümunəsi var. Onlar Elzas və Lotaringiya uğrunda neçə il vuruşdular? Strasburq uğrunda nə qədər döyüşdülər? Lakin bu gün həmin ərazilərin kimə məxsus olması heç kimi maraqlandırmır”. Onun sözlərinə görə, Avropa İttifaqının yaradılması dünyada sülhü saxlamağın mümkünlüyünü sübut edən nümunə və perspektivdir.

Məlumat üçün bildirək ki, Elzas və Lotaringiya 19-20-ci əsrlərdə bir neçə dəfə Fransadan Almaniyaya və geri keçib. İkinci Dünya Müharibəsindən sonra isə Fransanın bölgəsinə çevrilib.

Yavlinski qeyd edib ki, Fransa-Almaniya qarşıdurmasının nəticəsindən hamı dərs götürməlidir: “Heç kim uğur qazana bilmədi - nə Hindistan və Pakistan, nə də İsrail və Fələstin. Amma Avropa buna nail oldu. Biz də nümunə götürməliyik”.

Yavlinski həmçinin, Ukraynaya qarşı müharibənin başlanmasına görə şəxsən özünün də məsuliyyət daşıdığını etiraf edib: “Mən insanları başqa yol tutmağa inandıra bilmədim. Mən bu yolu görürdüm, 1995-ci ildən bunu deyirdim, amma insanları inandıra bilmədim və bu, mənim çox ciddi məsuliyyətimdir. Son 30 il ərzində(Rusiyada-red.) 11 dəfə fərqli yol tutmaq imkanı yaranıb. Yəni, 8 dəfə Duma, 3 dəfə prezident seçkilərində. Amma xalq başqa istiqamət seçdi. Beləliklə də hazırda bunun əvəzini ödəyir. Bəlkə indi baş verənlər onun üçün böyük bir dərs olacaq, ya da ola bilməyəcək… Amma mən şübhə etmirəm ki, Rusiyada insanların böyük əksəriyyəti “Bunun dayandırılmasını istərdinizmi?”, – deyə soruşsalar, “Bəli, istərdik” deyəcəklər. Sonra isə təfərrüatlar başlayır və bu mənada bu gün həyati zəruri olan əsas həll yolu atəşkəsdir”.

Yavlinski hesab edir ki, bu gün baş verənlərdə təkcə Rusiya yox, bütün dünya gücləri günahkardır: “Buna görə hər kəs günahkardır. Hamısı. Burada günahsızlar yoxdur. Hər gün insanlar öldürülür. Bu işdə hamı var və hamı günahkardır. İndiyə qədər heç kim atəşkəsdən ciddi olaraq danışmaq belə istəmir, kiminsə arxasında dayanıb “sənə silah verirəm, sən döyüş, amma mən özüm vuruşmayacağam, qoy orada sənin adamlarını öldürsünlər” deyirlər. Bu, siyasətdirmi?”

C.Məmmədov

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol