Haaqa Beynəlxalq Cinayət Məhkəməsi onun həbsinə order verdikdən sonra Vladimir Putin ilk dəfə Rusiya ilə həmsərhəd olmayan xarici ölkəyə səfər edib.
“AzPolitika.info” Qərb mediasına istinadla xəbər verir ki, bir az əvvəl Rusiya Prezidentinin təyyarəsi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə enib. Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Prezidentin laynerini Rusiya qırıcıları müşayiət edib.
Putin orada Prezident Məhəmməd bin Zayed Əl Nəhyanla danışıqlar aparacaq. Bundan sonra Putinin Səudiyyə Ərəbistanına gedəcəyi və çərşənbə günü bu ölkənin de-fakto lideri, vəliəhd şahzadə Məhəmmədlə görüşəcəyi gözlənilir.
BƏƏ və Səudiyyə Ərəbistanı 2023-cü ilin martında Putinə qarşı order vermiş BCM-də iştirak etmir. Rusiya Prezidenti axtarışa verildikdən sonra üç MDB dövlətinə və Rusiya ilə həmsərhəd olan Çinə səfər edib, həmçinin Ukraynanın Moskvanın nəzarətində olan ərazilərində olub.
Rusiya Prezidenti Cənubi Afrikada BRICS və Hindistanda G20 sammitlərinə qatılmaqdan imtina edib. Mayın əvvəlində Cənubi Afrika Respublikasının hakimiyyəti Putindən ölkəyə gəlməməyi xahiş edib. Çünki bu ölkə BCM-nin yurisdiksiyasını tanıyır və beynəlxalq öhdəliklərinə uyğun olaraq, həbs edilməli idi.
Putinin ərəb ölkələrinə səfərindən sonra onun Moskvada İran Prezidenti İbrahim Rəisi ilə görüşü nəzərdə tutulub. BƏƏ, Səudiyyə Ərəbistanı və İran beynəlxalq bazarlarda neftin qiymətini saxlamağa çalışan beynəlxalq OPEC kartelinin bir hissəsidir.
Çoxsaylı jurnalist araşdırmaları BƏƏ-ni sanksiyaya məruz qalan malların beynəlxalq məhdudiyyətlərdən yayınaraq Rusiyaya daxil olduğu əsas nöqtələrdən biri kimi göstərib. Sanksiya və ya sanksiya təhlükəsi altında olan bir çox rus iş adamı Avropadan Dubay əmirliyinə köçüb.
“AzPolitika.info”


Şərhlər