Milliyətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Baxçalı İsveçin NATO üzvlüyünün Türkiyə parlamentində ratifikasiyasına səs vermək üçün, partiyasının əsas şərtlərini açıqlayıb.
"AzPolitika.info" Türkiyə KİV-nə istinadla xəbər verir ki, Baxçalı NATO rəhbərliyi və Qərb dövlətlərindən Fələstində davamlı sülhün təmin olunmasını tələb edib.
“İsrail və Fələstin arasında davamlı sülh əldə olunarsa, Fələstin Dövlətinin paytaxtı Şərqi Qüds olmaqla 1967-ci ildə sərhədləri daxilində müstəqilliyi və ərazi bütövlüyü tanınarsa, İsrail Qəzzadakı cinayətlərə görə təzminat ödəməyə razı olarsa və əgər Netanyahunun Haaqada ([Beynəlxalq Cinayət Məhkəməsində) qanuni mühakimə olunması üçün yol açılarsa, o zaman İsveçin NATO üzvlüyünə “hə” deyəcəyik”, - deyə, Baxçalı bildirib.
Qeyd edək ki, İsveçin NATO-ya üzvlüklə bağlı müraciətinin Türkiyə parlamentində ratifikasiya prosesi oktyabrda başlayıb. Sənəd hazırda Beynəlxalq Əlaqələr Komissiyasındadır və sənədin baxılması təxirə salınıb.
Rüfət
"AzPolitika.info"


Şərhlər