Menu

KƏLBƏCƏRİN QƏRİB ÇİÇƏYİ...

01.09.2020, 15:00
KƏLBƏCƏRİN QƏRİB ÇİÇƏYİ...

Mən bir qız tanıyıram – Cəmilə Çiçək. Bu qız Vətən dərdlidir, ana dərdlidir. Hamının üzünə gülüm­səyir, amma içində bir qovğa var – həyat qovğası, yaşam qov­ğası. Həssasdır, səmimidir, utancaqdır. Amma bu onun mənəvi gücünü zəiflətmir, mübarizdir, haqq yanadır. Kəlbəcər alınandan çırpınır – ailəsi üçün, elm naminə, Vətən üçün. Bəzən də vacib layihələrlə görüşümüzə gəlir. Budəfəki layihənin mövzusu “İtkin düşmüş şəxs­lə­rin, qaçqın və məcburi köçkün ailələrinin üzvlərinə psixoloji-mənəvi dəstək tədbirlərinin təşkili” adlanır. Çox gözəl, ölkəmizin, cənab Prezidentin gün­dəmindən heç düşməyən, hər gün nəzər-diqqətdə olan bir mövzu. Bu mövzunun içərisində məhəbbətlə həsrətin qovuşuğu, küskünlük, qəzəb var, dərd, ehtiyac var. Kəlbəcər və digər alınmış torpaqlarımızın çəmə­ni­nə, ormanına, buz bulaqlarına, qartal vüqarına Vətə­nin­də qəribsəyən çox insanın qərib axşamlarının kədəri var.

Cəmilə Çiçək həm də el dərdi çəkir: zərər görmüş ailələr necə dolanır? Bilmirəm ondan soruşan olubmu: Cəmilə, bəs sən neynirsən? Bu dəstək layihəsi çox gözəl, ən azından onun da mənəvi dünyası dəstək görürmü? Mən bu ürəkli, vətənpərvər qızın özünə də, layihəsinə də dəstək verirəm. Uğurlar! Neçə-neçə layihələrdə görüşmək ümidi ilə.

QARABAĞIN QARA DƏRDİ

Azərbaycan xalqının yaddaşında onun tarixi, həyat və məişəti ilə bağlı çoxlu nəğmələr, rəvayətlər, əfsanələr var. Koroğlu, Qaçaq Nəbi, Qaçaq Alı kimi xalq qəhrəmanları ilə bağlı və döyüşə səsləyən nəğmələr oxunanda insan özünü arxalı, ürəkli, güclü hiss edir. Koroğlunun qoç igidləri orta əsr tariximizin əsas istinadgahlarından biridir.

Dolun at belinə, qoç igidlərim.

Xotkarı taxtından endirək, hoydu!

Talayaq mülkünü, alaq malını,

Öyünü başına endirək, hoydu!

Belə nəğmələr sonralar aşıqlar tərəfindən oxundu. Zaman keçdi, öz gözəlliyini itirmədi. Hələ də o nəğmələr oxunarkən insan keçmişi ilə öyünür, toxtaqlıq tapır. Ancaq XX-XXI əsrlər xalq düşmənlərinin əlində oyuncağa çevri­lən, saysız-hesabsız igidin həyatını əlindən alan müasir silahların varlığı güclünü də, gücsüzü də qorxudur, istər-istəməz geriyə dönürsən: “Kaş o dövrdə yaşayaydım”.

O zamanlar Oğuz oğlu düşməndən qorxmurdu, amma qışdan yaman qorxurdu, ilin üç fəslini işləyib qışa tədarük görürdü. Böyük Çillənin çarəsizliyini yaşamamaq üçün çırpınırdı. Amma Böyük Çillənin amansızlığı belə ona qismət gətirmişdi. Əli-ayağı donan, saqqalı buz bağlayan, əli boş, kor-peşman evinə dönən Oğuz igidinin qabağına sonradan onun simgəsinə çevrilən qurd balası çıxmış, ona qismət gətirmişdi və Oğuz eli indiyə qədər ən imkansız vaxtında belə yavan çörəyə möhtac olmur. İndi zaman başqadır, “arxalı köpək qurd basır”. Düşmən uca dağları­mızda, güllü-çiçəkli çəmənlərimizdə səfa sürür. Amma mən düşünürəm ki, bizim dağların qarı bizsiz əriməz, inanmıram ki, boynubükük bənövşəmiz düşmən üzünə gül aça, kəklik­otumuz “onların dəmkeşində” dəm tuta, xınalı qaya­larımız “onlara” heç xınayaxdı da keçirməz. Vəfalıdı bizim dağlar, bizim torpaqlar. Ən qədim dövrlərdən üzü bəri baxanda görü­rük ki, yağı düşmən igidlərimizin arxayın vaxtında həm­ləsini edib – əlində silah olmayanda, ova gedəndə, xeyir-şər vaxtı. Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon­dan Azərbaycan xalqı beləcə əliyalın vaxtında silah gücünə çıxarıldı. Ocaq yerləri dağıdıldı, ölən öldü, canını qurtara bilən qurtardı, düşmənə əliyalın “dirəşən” əsir alındı və ya işgəncəyə məruz qaldı. Oğuz igidlərinin taleyi bir daha XX əsrin 90-cı illərində “kitablaşdı”. Allahından, xalqın mənə­vi dəstəyindən güc alan, təmkinini gözləyən müasir ictimai-siyasi tariximizin gerçəklikləri dönəmində öz ilkinliyini-oğuzluğunu, göy­türk­lüyünü qoruyub saxlayan neçə-neçə azəri oğlu hərəkət­ləri ilə fövqəlinsan səviyyəsinə qalxdı. Ramil, Mübariz, Dilqəm, dostları və yüzlərlə belələri özlərinə, ailələrinə, bizə və Vətənimizə şanlı tarix yaşatdı və arxivləşdirdi. Qəribə nüansdır: öz torpağına, Kəlbəcərə – anasının qəb­rinə ziyarətə gedən Dilqəm Əsgə­rov və dostu Şahbaz Quliyev erməni ekstremistləri tərəfin­dən əsir alındı və məhkəmə qərarı ilə həbs edildi. 27 ildir yüzlərlə kəlbəcərli gözünü sonsuzluğa dikərək itkin yolu gözləyir. Gözlərini göylərin qapısından yığmayan bu elə ümid güc verir, bir də inam. Torpaqlarımız yağı düşmən əlində inlə­yir, zamanın çarxı fırlanır, çox sədaqətsizdir. İgid oğu­l­larımız Vətənin dar günündə, cihad vaxtında şəhid olmaq üçün yox, igidlik göstərmək, ölümə meydan oxu­maq, öldürmək üçün ayağa qalxıb. Gözəl yurd yerlərimizi talayan düşmənə göz dağı vermək vaxtıdır, ərlik məqa­mıdır. Qoy igidlərimiz günah­sızın qisasını günahkarlarda qoymasın! Mehdixan Kəlbəcərli yazır:

Üzdə üzümüzə gülən dünyadı,

Öz işini yaxşı bilən dünyadı.

Pay verib, dərdindən ölən dünyadı,

Verdiyini geri almasa olmaz!..

Azəri əsgəri də, türk əsgəri də birlikdə haqqı, ədaləti saymayanları dizə gətirəcək, bizim olanı bizə qaytaracaq. Bənövşə, nərgiz görəndə, səpələnmiş lalə görəndə diksinən, özünü Kəlbəcərdə sananlar qoxulayanda həqiqəti anlayır – bu, bizim ellərin çiçəyi deyil.

Murovun başında əsdi küləklər,

Təzələndi çox arzular, diləklər.

Qarşımda nazlandı əlvan çiçəklər,

Güllər mənim güllərimə bənzədi.

Gözəlliklər içərisində düşmənə aldandı Oğuz igidləri. Yol ayrıcında Qurd balasının verdiklərini yurd yerinə gətir­di, sünbülü əkdi, sürünü yaylağa sürdü, Oğuz elinə bar-bərəkət gəldi, kefikök dolandı, Novruz bayramını keçirdi, onu arxayınlıq basdı, bayram yenicə qurtarmışdı ki, yağı düşmən Kəlbəcəri ələ keçirdi. Bu dəfə Novruz ona uğur gətirmədi, amma adətinə, uğuruna, ilin təzələnməsinə inandı, inancına sadiq qaldı. Bu Oğuz igidinə nə deyəsən? Düşmən namərddirsə, onun günahı nə? Bəlkə bir az arxayındır?

Ağca-ağca Oğuz qızları

Göyçə-göyçə yaylalardan gül toplasın.

Gündoğandan günbatana orduların qopsun.

Oguz ellərindən arxan gəlsin,

Yağıların yaman yerdə axşamlasın.

Oğuz qızları beş il Kəlbəcərdə toysuz qaldı. İgidlər sərhədi qorudu, bayramı evlərə endilər, olan onda oldu, düşmən əlinə fürsət keçdi.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan əsgər­ləri ilə tez-tez görüşürdü. Hər dəfə onun qürurla söylədiyi “Salam, əsgər” ifadəsi əsgərləri döyüşə ruhlandırırdı. Tək­rar-təkrar xatırladırdı: “Hər bir azərbaycanlı hiss etməlidir ki, Vətəni qorumaq onun vəzifə borcudur. Xüsusən indi hər kəs müsəlləh əsgər olmalıdır”.

Azərbaycan mərd igidlər, qəhrəmanlar diyarıdır. Vətənə xidməti özünə borc bilən hər bir Azərbaycan oğlu valideynlərindən, el-obasından xeyir-dua alıb öz yerini, doğma yurdunu qorumaq üçün əsgəri xidmətə gedir. Bütün bunları televiziya ekranlarından izləyən bizlər Azərbaycan əsgərinin, ordumuzun gücünə inanırıq. Ona da inanırıq ki, bu əsgər bir gün Qarabağdan şad xəbərlər gətirəcək. İgidlərimiz kitablardan qəhrəmanlıq tariximizi öyrəndi. Cavanşiri, Babəki, Oğuz igidlərini, Koroğlunu, Nəbini, Səttarxanı, Xiyabanini, Pişəvərini tanıdı. Valideynlərinin və özlərinin gözü önündə baş verən Qarabağ döyüşləri, 20 Yanvar hadi­sə­lərinin, Aprel döyüşlərinin şahidi oldular. Yüzlərlə şəhid­liyin şahidinə çevrilən bu gənclər Fərid Əhmədovdan, Çingiz Mustafayevdən, Ramil Səfərovdan, Mübariz İbrahimov­dan Vətəni sevməyi öyrəndilər. Qeyri-bərabər döyüşlərdə şəhid olan Fərid və Mübarizin şəhidlik səviy­yəsi, döyüş rəşadəti əsgərlərimizin and yerinə çevrildi. Hələ Kəlbəcərdə narahat gəzən şəhid ruhlarını demi­rəm. O güllü-çiçəkli məkan xarabalığa çevrilib, Kəlbəcərin qartallı dağları dumana bürünüb, gülzar yerində bayquşlar gəzir. Buz bulaqlarımız düşmən “ciyərini soyudur”. Əli qoynunda illərdir bala yolu gözləyən ana və ataların ümidi Azərbay­can əsgərinədir. Haqsızlığa dözdüyümüz bəsdir.

İtaliyada səfərdə olarkən ölkə Prezidenti İlham Əliyev xatırlatdı ki, ordumuzda on minlərlə Fərid və Mübariz kimi əsgər var. Torpaqlarımızı qorumağa hazırıq. Qafqaz­da ən müba­riz ordu Azərbaycan Ordusudur. Ordumuzda ruh yüksəkliyi və döyüş texnikası var. Biz haqlıyıq, tor­paq­larımızı düşmən işğalından azad etməyə də gücümüz var. İstənilən parametr üzrə Azərbaycan Ermənistandan üstün­dür: iqtisadi, siyasi, hərbi və s. Döyüş hazırlığı, peşəkar ordu, ruh yüksəkliyi, Azərbaycan xalqının iradəsi, iqtisadi təminat ona əsas verir ki, hərbi yolla torpaqlarımızı geri ala bilək. Ancaq biz müharibə istəmirik. Döyüş bölgəsindəki hər itki bizə ağırdır. Odur ki, haqqımızı danışıqlar yolu ilə almağımız daha düzgündür.

Bakıdakı və digər yerlərdəki Şəhidlər xiyabanlarında uyuyan şəhidlərimizin xatirəsi, ruhu buzə təlqin edir deyək: “Biz hamımız Mübarizik, biz hamımız Fəridik”. Türklərdə belə bir atalar sözü var: “İgid namı ilə yürür”. Biz də deyirik ki, “igid ölər, adı qalar”. Mən igidlərin ölməsini istəmirəm. Qoy qəhrəmanlıq göstərsinlər, onlar bizə sağ lazımdır. Qoy anaların əli qoynunda qalmasın. Mübariz bir əsgər kimi döyüşə gedəndə anasına məktub qoymuşdu. Şəhidliyi göz önünə alıb düşmən üzərinə getmişdi. Şairlər onun qəhrəmanlığına, son məktubuna söz qoşdular.

Çırpınıram bir quş kimi,

Sığmır ürək yuvasına.

Rahat olar şəhid ruhu,

Xain getsə bəlasına.

Ata, ana, oxu bunu.

Yazıram son məktubumu:

Ruhuma siz dua edin,

Haqqınızı halal edin.

Son ricam bu, son sözüm bu:

Şəhid olsam, ağlamayın.

Öz arzusuyla torpağına baş qoyaraq şəhidlik zirvəsinə ucalan, özünə əbədi həyat yolu seçən Azərbaycan əsgəri Mübariz İbrahimova salam olsun! Onun üçün gah qəhrə­man­lıq mahnısı, gah da ağı oxuyuruq. Ancaq bilirik ki, o, şəhidlik zirvəsindən bizə baxıb gülümsəyir.

Ancaq uzun illərdir düşmən tapdağında qalan torpaqlarımıza heyif! Kəlbəcərimə heyif!

Oxudum şeirini, şair Mehdixan,

Hayıf, Kəlbəcərtək məkana, hayıf!

Namərd əlləriylə saraldı, soldu,

O güllü, çiçəkli cahana hayıf!

O məkana ki, yüzlərlə bəxti kəm ölümə tuş oldu, onlarla insan itkin düşdü. Dədə Şəmşir kimi el şairlərinin məkanı Ağdabandan nişanə qalmadı. Kəlbəcərin varidatı İrəvana çəkildi. Uzun illərdir övlad həsrətiylə saçını yolan anaların, beli bükülü ataların gözü Murov yollarında qaldı. Kəlbəcərin qızıl mədənləri qazılır, torpaqqarışıq maşın kar­van­larıyla daşınır. Qohumlarımız mineral “İstisu”yu­muzu Mos­kvadan alıb gətirmişdilər. Ancaq üstündə “İrəvan isteh­salı” yazıl­mışdı. Odur ki, Tomris anamızın, Qazan xanın, Cavad xanın tarixdən silinməyən qüdrətini unutmayaq.

Qalx ayağa, Vətən oğlu, qalx ayağa, Vətən qızı,

Görmürsənmi ayaqlayır yağı düşmən xalqımızı?!

Səsimizə Azərbaycan əsgəri səs verir: “Hələ dayan, nə görmüsən?” Bizə ümid verən Azərbaycan əsgərinə salam olsun! Məsləyimizi, əqidəmizi, vicdanımızı ləkədən qurtaracaq Vətən oğullarına salam olsun! Vətənimizi intizardan qurta­ra­caq o kəslərə salam olsun ki, yaxşını yamandan seçir, bu taleyin sınağından bir türk kimi keçməyə hazırdır. Hər zamanın bir hökmü var. Xeyirlə Şər yanaşı addımlayır. Zər­düşt babamızdan üzü bəri bizim torpaqlarımızda İşıq Qaranlığa qalib gəlib. “Hamımız bir, birimiz hamı” olaq. Deməyək ki, mənə nə var. Bu Vətəndə hər nə varsa, sənə də var, mənə də var!

Sakibə ƏLƏSGƏROVA,

filologiya üzrə fəlsəfə doktoru,

ADPU-nun dosenti, Əməkdar müəllim 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol