“Rusiya Prezidenti Vladimir Putin prezident seçkilərində namizədliyini heç bir partiyadan irəli sürmür, özü müstəqil şəkildə imza toplayacaq”.
“AzPolitika.info” xəbər verir ki, bunu “Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının sədri Sergey Mironov bildirib.
“Bu gün təşkilat komitəsinin iclasında onun heç bir partiyadan - nə “Vahid Rusiya”dan, nə də bizim partiyadan namizəd olmayacağı açıqlanacaq”, - Mironov Vladimir Putinin namizədliyinin irəli sürülməsi üzrə təşəbbüs qrupunun iclası ərəfəsində deyib.
Mövcud qanunvericiliyə görə, öz namizədliyini irəli srən şəxslər seçkilərdə iştirak etmək üçün 300 min imza toplamalıdır. Dövlət Dumasında fraksiyaları olan beş partiyanın namizədləri bu prosedurdan azaddırlar. Millət vəkili olmayan partiyaların namizədləri Mərkəzi Seçki Komissiyasına 100 min imza təqdim etməlidirlər.
Vladimir Putin dekabrın 8-də beşinci dəfə prezidentliyə namizədliyini irəli sürmək planını açıqlayıb. Bu gün, dekabrın 16-da Moskvada Zaryadye konsert zalında onun namizədliyi ilə bağlı seçicilər qrupunun toplantısı keçirilir. Prezident seçkilərində səsvermə üç gün ərzində, 2024-cü il martın 15-dən 17-dək keçiriləcək.
Donetskin keçmiş “müdafiə naziri” İqor Strelkov və Sağ Qüvvələr İttifaqından Dolqoprudnı bələdiyyəsinin deputatı Boris Nadejdin də namizədliyini irəli sürməyi planlaşdırır.
“Kommersant” xəbər verir ki, “Yabloko” partiyasının federal siyasi komitəsinin sədri Qriqori Yavlinski onu dəstəkləmək üçün 10 milyon imza toplanacağı təqdirdə bu imkanı nəzərdən keçirəcək.
“AzPolitika.info”


Şərhlər