Təxminən 5 milyon barrel Rusiya neftini daşıyan altı gəmi Hindistanda təyinat yerinə çata bilməyib və həftələrdir sahildən bir neçə kilometr kənarda dayanıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. “Səbəblərin bir hissəsi ABŞ-nin 60 dollar/barel qiymət həddini pozanları hədəf alan son sanksiyalar ola bilər”, - məlumatda qeyd olunur.
ABŞ Maliyyə Nazirliyi noyabrın 16-da qiymət limitini pozduğuna görə Rusiyanın “Sovcomflot” gəmiçilik şirkətinə məxsus “NS Century” gəmisinə sanksiyalar tətbiq edib. Bundan iki gün sonra gəmi Rusiya neftinin Hindistana daşındığı Vadinar limanında dayanıb.
Bildirilir ki, ötən həftə “NS Century”ə Hindistana neft çatdıran “Sovcomflot”a məxsus daha iki tanker də qoşulub. Digər Hindistan limanı Paradipə gedən daha iki tanker də təyinat yerinə çatmazdan əvvəl qəfil dayanıb və başqa bir gəmi tezliklə onlara qoşula bilər.
Sadalanan gəmilərdən beşi “Sovcomflot”a məxsusdur.
Həm ABŞ, həm də Aİ Rusiyanın dəniz neftinin qiymətlərinin məhdudlaşdırılmasını təmin etmək üçün sanksiyaları sərtləşdirməyə başlayıb. Bu tədbir ötən il dünya bazarlarında sabitliyi pozmadan Moskvanın neft gəlirlərini məhdudlaşdırmaq üçün tətbiq edilib. Rusiya son aylarda sığortalanmamış tankerlərdən istifadə edərək bu limitdən xeyli yayınsa da, sanksiyaların sərtləşdirilməsi fonunda 2023-cü ildə ölkənin neft və qaz gəlirləri 41% azalıb.
Qərb Rusiya neftindən imtina etdikcə, Moskva qiymətləri aşağı salaraq Çin və Hindistan kimi yeni bazarlara üz tutur.
Hindistan Rusiya üçün xüsusilə mühüm müştəridir, çünki Rusiya dəniz neftinin 60%-dən çoxunu alır və bu statistikada Çindən sonra Rusiya neftinin ikinci ən böyük alıcısına çevrilib.
“AzPolitika.info”


Şərhlər