Menu

BİZİ SEVƏNLƏR... – Əhdə vəfa zamanıdır!

22.12.2023, 14:00
BİZİ SEVƏNLƏR... – Əhdə vəfa zamanıdır!

Uşaq vaxtı uzun qış gecələrində tez-tez uluların ətrafına yığışıb onların danışıqlarını dinləyərdik. Məlum, televizor yox idi, olsaydı belə elektrik təchizatı bərbad gündə idi. Bir balaca külək əsdi, qar yağdı, vəssalam, orta əsrlərə qayıdardıq.

Həmin vaxtlar da belə söhbətlər hər kəs üçün əvəzedilməz bir əyləncə idi. Bir neçə qonşu ailə yığışardıq bir yerə, çaqqallar ulayana kimi maraqlı söhbətlərlə muşqulat edərdik. Yan tərəfdə hamıdan yaşlı olan qonşumuz Əbilşah baba yaşayırdı. Söhbətlərin şahı da məhz o idi. Deyilənə görə o qədər yaşlı idi ki, hətta Şah Abbası taxtda, Nikolayı qundaqda görmüşdü. Onun söhbətləri hələ də xatirimdədir: "Qaçaq Alı tüfəngi qaldıranda mütləq bir cəsəd atdan yıxılmalı idi. Ruslar gəldi, atamın yerinə məni aparmaq istədilər. Xanın nəvəsi var idi, həccə getmək üçün yola çıxdı, gedib Həmədanda fars qızları ilə eyş-işrətə qapıldı, sonra da ona Hacı deməyənləri şallaqla vurardı."

"Bir gün də xəbər gəldi ki, türklər Çanaqqalada tək qalıb, anamızın toxuduğu corabları, qadınlar qollarındakı bilərzikləri yığıb verdilər ki, amanın bir günüdür, qardaşlarımız ac qalmasın, soyuqda üşüməsin. Sonra daşnaklar gəldi. Qadın, uşaq, qoca demədən hər kəsi öldürürdülər. Qan su yerinə axırdı. Bir də gördük Paşa gəlir, Nuru Paşa. Daşnaklar bir qaçdı ki. Paşa aman vermədi kimsəyə." Hələ Nuru Paşa üçün bir şeir də deyərdi hər dəfə, əfsus ki, o şeir yadımda qalmayıb. 

Bəlkə də elə bu söhbətlər məni tarixçi olmağa yönləndirdi, içimdəki milli hissləri böyütdü, məni bir Türkiyə sevdalısı etdi uşaqlıqdan. Uzun sözün qısası, bu yazını yazmağa məcbur edən səbəb isə həm tam başqadır, həm də oxşardır.

Qurban bayramı ərəfəsində dostlarla birlikdə böyük bir xeyriyyə tədbirində idik. Tədbirin sonunda əsas təşkilatçılarla birlikdə şam yeməyinə getdik. Bir çoxu illərin dostu idi. Bəziləri Türkiyədə oxuyub gəlmiş, bəziləri Türkiyədə iş sahibi olmuş, bəziləri də Avropada böyük biznes sahibi olmuşdular. Hər biri bir dərya olan bu adamların danışıqları da möhtəşəm idi. Hərə öz uğurundan, yaşadığı çətinliklərdən, bu çətin dönəmləri necə atlatmasından danışırdı. Onlar danışırdı, mən isə susaraq dinləyirdim. Xüsusən Türkiyədə oxuyan, orada iş sahibi olan adamların danışıqlarında tez-tez bir neçə ad eşidirdim ki, onlardan biri də Deniz Üzülmez idi. Biri deyir, Deniz bəy mənə filan işdə dəstək oldu, biri deyir, Deniz bəy məni tək qoymadı, o biri deyir, Deniz bəy bizim abimizdir...

Səsimin gur yerinə salıb soruşdum ki, bu Deniz Üzülmez kimdir? Sualım hər kəsi şoka saldı sanki. Necə yəni Deniz bəy kimdir? Sən Deniz abini tanımırsanmı, deyə məndən soruşduqlarında dedim yooooooox, vallah tanımıram. Bu cavabdan sonra sanki o dostlarım dönüb oldu bir universitet müəllimi, mən isə oldum tələbə. Onlar danışdıqca həm utancdan ölüb yerə girirdim, həm də içimin bir yerində dəli atlar qaçışırdı, eynən Əbilşah baba Nuru Paşa gəldi deyəndə qaçdıqları kimi.

Bilirəm, çoxunuz bu adamı tanımırsız. Çünki bu günə kimi etdiklərini üzə çıxarmayıblar, sağ əlin verdiyini sol əl bilməz prinsipi ilə həmişə kölgədə qalmağa çalışıblar. Amma mən bu yazını məhz bir vəfa borcu olaraq, Azərbaycan xalqının dostlarının kim olduğunu bildirmək üçün yazıram. Qoy xalqımız tanısın bu gizli qəhrəmanı.

Kimdir Deniz Üzülmez?

Diyarbəkir şəhərində, Uzun Həsənin böyüdüyü, at sürdüyü torpaqlarda doğulub. 1980-ci illərdə Türkiyədə terrorun tüğyan etdiyi vaxtlarda təhsili yarımçıq qalıb, əvəzində əlində daşla, sapandla Türkiyə uğrunda döyüşüb uşaq vaxtlarından. Özü təhsil ala bilməyib deyə, övladlarına elə təhsil verib ki, bir balası doktordur, bir balası da mühəndis. 

Gənclik illərindən öz ideoloqunu tapıb - Rəcəb Tayyib Ərdoğanı. Onun yanında yetişib və elə bir şəxsiyyətə çevrilib ki, içi-çölü, alıb-verdiyi nəfəsi vətən qoxur. Vətəninə-xalqına xidmətə başlayan ilk andan türk xalqının rifahı uğrunda canını, varını, həyatını ortaya qoyub bir əsgər kimi. Axısqa türkləri öz yurd-yuvalarından didərgin düşüb Bursa şəhərinə yerləşəndə bu adam gecə-gündüz deməyib axısqalıların yerləşməsi, ayaqda qalması üçün elə bir mübarizə aparıb ki, bu gün də hər kəs onun etdiklərini bir dastan kimi anladır Bursada. Deniz Üzülmezin böyüklüyü odur ki, onun vətəni, yurdu, Diyarbəkir, Bursa, Türkiyə deyil, türkün yaşadığı hər bir torpaqdır. Adam tam bir əfsanə imiş. Biləndə ki, Bursada camaat bir məmurdan narazıdır, qollarını çırmayıb işə qoyulmuş və səbəbləri araşdıraraq, gecə ikən həmin məmura bir məktub yazmışdı ki, o məktubun məzmunu tam bir nəsihətnamədir ki, bizim də hər bir icra başçımız onu oxumalı və ciddi dərs almalıdır. Bir məmur necə vəzifəsində xalqa xidmət etməli olduğunu, işləri düzgün yürütmək üçün necə təqib etməli olduğunu, xalqın dərdinə necə dəva olmalı olduğunu elə formada anladıb ki, o məktubu oxuyanda elə bilirsən Makiavvellinin “Hökmdar” əsərini oxuyursan, elə bilirsən xəlifeyi-raşidunun fəaliyyətini oxuyursan.

Gələk bu yazını yazmağa məni nə vadar etdi sualına. Cavabım budur: Vəfa borcu. Çünki Deniz Üzülmez elə bir insandır ki, Bursada nə qədər türk dünyasının nümayəndəsi varsa, nə qədər Azərbaycan vətəndaşı varsa, hamısının abisidir. Heç bilirsinizmi ki, onun dəstəyi ilə nə qədər azərbaycanlı Bursada iş qurub, biznes sahibi olub? Bilirsinizmi ki, nə qədər azərbaycanlı Deniz Üzülmez adını eşidib, buradan durub Bursaya onun yanına gedib? Kiminin xəstəsi var müalicə edə bilmir, kiminin qızı köçməlidir amma pulu yoxdur, kimi təhsil almaq istəyir qalmağa yeri yoxdur, kiminin sənədlərində problem var, kimi haqsızlığa düçar olub... Hamı Deniz Üzülmezin qapısına gedir. Deniz abi elə bir şəxsiyyət sahibidir ki, günün 24 saatı o böyük insana çatmaq, dərdini demək olar. Ənənəvi məmurlar kimi iş otağında oturub əmrlər yağdırıb, xalqdan uzaq düşən adamlardan deyil. Bayram günlərində səfirlik və konsulluq idarələri işləmədiyi vaxtlarda problemi olan azərbaycanlılar bir qayda olaraq düşünmədən Deniz Üzülmezin yanına gedir. Çünki hər kəs bilir ki, Deniz Üzülmez onlara yox deyən deyil.

Bir iş adamının danışdığını olduğu kimi sizə təqdim edirəm:

- Ailə qurduqdan qısa bir müddət sonra atam və anam rəhmətə getdi. Sonra qardaşım Rusiyada qorxulu adamlara borclandı deyə məcbur qalıb evimizi satıb borcu ödədik. Daha sonra Allah mənə iki əkiz qız övladı və imtahan üçün də xeyli sayda problem hədiyyə etdi. Kirayələrdə sürünürdük, uşaqlar da xəstə idi. Yoldaşım evdə perojki bişirir, mən bazarda satırdım, gecələr də yük daşıyıb hamballıq edirdim. Aldığım təhsil, iki qırmızı diplom belə yardım etmirdi. Axırda bezdim və bu qədər borcun içində olduğum halda bir dostdan Bursaya gedəcək qədər borc alıb, ailəmi də götürüb getdim. Məscidin həyətində qalırdıq. Cümə namazına gələrkən Deniz Üzülmez bizi görür və niyə burada yaşadığımızı soruşur. Məscidin imamı bizim haqqımızda məlumat verdikdən sonra Deniz Üzülmez gəlib bizi qucaqladı və namazdan sonra özü ilə apardı evinə. Mən də, yoldaşım da işlə təmin edildik. Kirayə çıxacaq gücə sahib olduqdan sonra Deniz Üzülmezin evindən ayrıldıq. Əli üstümüzdən əskik olmadı. Hər həftə zəng edib halımızı soruşur, hər həftə evimizə ərzaq göndərir, kommunal xərclərini belə özü ödəyirdi. Bir müddət sonra çalışdığım şirkətin sahibi Deniz Üzülmezin tövsiyəsi ilə mənə güvənib böyük vəzifə verdi. Bu şans mənə imkan verdi ki, özümü sübut edim. İndi Bursada böyük fabrikim var və mən 20 ölkəyə məhsul satıram... Belə adamdır Deniz abi. Harada bir qərib, bir məzlum varsa, yanındadır. 

Azərbaycan sevdalısı olan bu böyük şəxsiyyət bizim Bursadakı nicat qapımızdır. İndi bu gözəl insan Bursa şəhər bələdiyyə başqanlığına AK partiyadan namizəddir. Bursa xalqı zatən Deniz abini elə sevir ki, hər kəs bilir seçkidə qalib gələcək və Bursanı yenidən o ehtişamlı günlərinə qaytaracaq. Mən də buradan üzümü Bursadakı azərbaycanlılara, Axısqa türklərinə tutub deyirəm ki, necə ki ən çətin anlarımızda Deniz abi bizim yanımızda olub, gecə-gündüz demədən bizim üçün çalışıb, indi də biz ona dəstək olmalıyıq. Əhdə vəfa zamanıdır!


Azərbaycanın Bursadakı sevdalısını, dostunu, bizim qapısına ümidlə getdiyimiz o böyük qəlbli şəxsiyyəti bu önəmli anlarda tək qoymaq olmaz. Qoy hər kəs görsün ki, biz azərbaycanlılar necə vəfalı, necə sadiq xalqıq. Deniz Üzülmez bizim Türkiyədəki səsimiz, vuran ürəyimiz, danışan dilimizdir. O insan var olduqca, biz tək olan deyilik. Çünki Deniz Üzülmez bizimdir, bizdən biridir.

Tanrı səni qorusun, Deniz abi.

Bu yazını ona görə yazdım ki, qoy bu xalq tanısın səni. Bu xalq bilsin ki, Bursada sənin kimi qardaşı var. Səni tanımadan sevirik abi. Yolun uğurlu, şanın əbədi olsun. Biz indi bilirik ki, sən o məqamı sonuna kimi haqq edən ürəyə, ləyaqətə sahibsən. Əminik ki, türk xalqının özü də böyükləri də sənə dəstək olacaq bu şanlı yolda.


Ulu öndərimiz Heydər Əliyevin “iki dövlət, tək millət” şüarından ilham alaraq Qafqazlardan sizə sevgimizi göndəririk, Deniz abi. Allahın lütfü və inayəti daima sizinlə olsun.

Samid Seyidov müstəqil yazar

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol