Sovet hakimiyyəti dövrünün qalıqlarından olan “xalq artisti”, “əməkdar artist” və digər bu kimi fəxri adlar çoxdan öz aktuallığını itirib. İndi bu adlar haqlı olaraq, əhali arasında birmənalı qarşılanmır və belə adların verildiyi şəxslərin kimliyinə, onların bir çoxlarının davranışlarına, açıqalmalarına, bütün əndazələri aşan hərəkətlərinə və s. nəzər yetirdikdə, əhalinin bu adlara mənfi münasibətinin səbəbini anlamaq elə də çətin olmur...
Lakin buna baxmayaraq, Azərbaycanda hələ də belə adların verilməsi və hətta, “niyə filankəsə “xalq artisti” verildi, mənə yox?” kimi davalar davam etməkdədir.
Ancaq sovetdən qalma fəxri adlardan imtina edən ölkələr də var. Bunlardan biri də Ermənistandır. Artıq Ermənistan parlamentində fəxri adların ləğvi il bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.
“AzPolitika.info” erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan fəxri adları olan şəxslər arasında hətta ləqəblə tanınan insanların olduğunu açıqlayıb.
Simonyan bunu parlamentdə “Respublikanın xalq və əməkdar xadimlərinin fəxri adlarının ləğvi” layihəsinin müzakirəsi zamanı deyib: “Burada belə nümayəndələr var, adlarını çəkmək istəmirəm, ad-soyadını belə yaza bilmirlər, amma doktorluq dərəcəsi alırlar. İndi biz bu səhvi düzəldirik”.
Parlament sədri qeyd edib ki, fəxri adlar hələ sovet dövründə təsis edilib və siyasi maraqlar nəzərə alınmaqla verilib: “Luçano Pavarotti və ya Maykl Cekson heç bir ölkənin xalq artistləri deyildilər, lakin onlar bəşəriyyət üçün dəyərlidirlər, dəyərli olublar və olaraq da qalırlar”.
Doğrudan da, xalqın qəlbinə yol tapmaq, rəğbətini qazanmaq, sevilmək üçün fəxri adlara ehtiyac yoxdur. Azərbaycanda xalqın nəinki sevmədiyi, ümumiyyətlə, şəxsiyyət kimi qəbul etmədiyi “xalq artisti” adı daşıyan xeyli sənət adamı var. Bu ada iddialı olanlarınsa sayı-hesabı yoxdur.
Belə eybəcər bir durumdan çıxmağın ən yaxşı yolu ümumiyyətlə, bu cür fəxri adlardan birdəfəlik imtina etməkdir, necə ki, sivil, inkişaf etmiş ölkələrdə belə adlar yerli-dibli yoxdur...
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər
SSRİ vaxtında verilən adlar da daxil olmaqla bütün peşələr üzrə bu adların şəkilməsi və verilməsi qəti qadağan edilməli , bunlara verilən müavinətlər bütövlükdə şəhid ailələrinə,qazilərə ,veteranlara və üşaqlara vermək lazımdır.
Zahid Oruc bu günlərdə MM-ə təklif göndərib - Əməkdar Hakim ,Əməkdar Prokuror ,Əməkdar Polis və s. adların təsis olunması haqda .İndi söz Siyavuş Novruzundur ,axı O da Əməkdar deputatdır