Menu

Neft Fondu aktivlərinin həcmini açıqladı – Ötən il 6.3 milyard mana hansı sahədən gəlib?

16.01.2024, 15:09
Neft Fondu aktivlərinin həcmini açıqladı – Ötən il 6.3 milyard mana hansı sahədən gəlib?

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2023-cü ilin yanvar-dekabr ayları üzrə gəlir və xərclərinə dair məlumat yayıb.

“AzPolitika.info” xəbər verir ki, ötən ilin sonuna ARDNF-nin aktivləri 2023-cü ilin əvvəlinə (49 milyard 33,6 milyon ABŞ dolları) nisbətən 14.3% (və ya 7 milyard ABŞ dolları) artaraq 56 milyard 69,7 milyon ABŞ dolları təşkil edib.

Hesabat ili ərzində ARDNF-nin büdcəsi 9 milyard 829 milyon manat həcmində profisitlə icra olunub. Belə ki, 2023-cü il ərzində ARDNF-nin büdcə gəlirləri 21 milyard 661,9 milyon manat, büdcə xərcləri isə 11 milyard 832,6 milyon manat təşkil edib.

2023-cü il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 15 milyard 324,1 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 14 milyard 519,0 milyon manat, bonus ödənişləri 800,7 milyon manat, tranzit gəlirləri 0,8 milyon manat, akrhesabı ödənişlər isə 3,6 milyon manat olub.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir 6 milyard 337,8 milyon manat təşkil edir.

Hesabat dövrü ərzində Fonddan 11 milyard 737,6 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 27,9 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə isə 34,3 milyon manat yönəldilib.

2023-cü ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 32,8 milyon manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəlirləri 2 milyard 132,1 milyon manat olub.

Məlumatda qeyd olunur ki, 2023-cü ildə aktivlərin artımı ARDNF-nin büdcə gəlirlərinin büdcə xərclərini üstələməsi və vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər, o cümlədən büdcədənkənar gəlirlər hesabına olub.

Keçən il ərzində Fondun investisiya gəlirliliyi 7,1% olmaqla yaranma tarixindən ən yüksək gəlirlilik göstəricisi ilə səciyyələnib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol