7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar prezident seçkilərində namizəd Zahid Orucun vəkili Əziz Əlibəyli seçki öncəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində Bərdə rayonunda seçicilərlə görüş keçirib.
O, namizədin platforması haqqında məlumat verib və qeyd edib ki, Zahid Orucun platforması “Qalib Gələcəyə, HƏ” şüarı ilə başlayır. Onun digər şüarları arasında “Dördüncü Respublika: Azərbaycanın Qalib Yüz İli” da yer alır və əsas çağırış Azərbaycan vətəndaşlarına yönəlik “Ən böyük sərvət insandır!” şüarında əks olunur.
Görüşdə Bərdə rayon ictimaiyyəti iştirak edib. Seçicilər namizədin platforması ilə yaxından tanış olub və son 30 ilin ən mühüm seçki hadisəsi kimi keçirilən 2024-cü il seçkilərini yüksək qiymətləndirdiklərini bildiriblər. Görüşdə qeyd olunub ki, bu seçki Azərbaycanın ərazisi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk seçkidir. Bu, həm də qələbə modeli əsasında keçirilən ilk seçkidir, eyni zamanda qalib seçicinin seçkisidir. Qalib seçici seçəcəyi şəxsə Zəfər mandatını verəcək və heç şübhə yoxdur ki, bu seçkilər Azərbaycanın növbəti 100 ilini müəyyən edəcək. Burada böyük ideallar, vətəndaş əxlaqı, iqtisadi inkişaf, insanın yaşam standartları, rifah səviyyəsinin yüksəldilməsi ehtiva olunur.
Azərbaycan xalqı, Müzəffər xalq Zəfər mandatını o şəxsə verəcək ki, qələbə şüurunu həmin insan əxz etmiş olsun. Birbaşa şəxsi çağırışla ümummilli düşüncələrə reaksiya verən millət seçkilərdə iştirak etməklə qüdrətli və şanlı qələbə şüurunu nümayiş etdirəcəkdir. Xalq müharibədə qalib gəlib öz Zəfərini mandatlaşdırmaq üçün seçkilərə gedir və bu, qələbə şüurunun ən böyük tərənnümüdür.





Şərhlər
Yenə müəllumələri toparlayıb yığıblar.
Bu cür "film" ə məcburən baxan insanlara yazıgınız gəlsin barı.