Menu

“SOS” mühafizə xidməti Gənclər Gününə həsr olunan tədbir keçirib – FOTOLAR

25.01.2024, 18:01
“SOS” mühafizə xidməti Gənclər Gününə həsr olunan tədbir keçirib – FOTOLAR

“Security Operation Services” (SOS) MMC mühafizə xidmətinin təşkilatçılığı ilə qarşıdan gələn 2 fevral – Gənclər Günü ilə əlaqədar Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında tədbir keçirilib.

“AzPolitika.info” xəbər verir ki, tədbidə Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova, müavini Cəlil Xəlilov, Azərbaycanın Ukrayndakı keçmiş səfiri, sabiq deputat Elmira Axundova, Bakı Dövlət Universitetinin kafedra müdürü Ağalar Abbasov, həmçinin Rayon Veteranlar Təşkilatının sədrləri, müavinləri və üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları gənclərlə veteranların görüşlərinin keçirilməsini təqdirəlayiq addım hesab edərək, çıxışlarında öz həyat və fəaliyyətlərindən danışmış, gənclərə öz tövsiyyələrinə vermişdirlər.

Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov çıxış edərək gənclər və veteranlar arasında belə görüşlərin mütəmadi şəkildə keçirilməsinin vacibliyinə diqqət çəkib: “Gənclər və veteranlar arasında görüşlərin keçirilməsinin həm mənəvi, həm tarixi, həm də ictimai baxımdan çox böyük əhəmiyyəti var. Çünki məhz belə görüşlər sayəsində gənclərimiz veteranlar, onların həyat və döyüş yolları haqqında ətraflı məlumat almaq imkanı əldə edirlər. Hər biri bir tarix olan veteranlarımızla belə təmaslar gənclərimizin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Onlar veteranların timsalında vətənin qorxmaz müdafiəçisini görürlər və məhz veteranların simasında Vətəni necə qorumaq lazım gəldiyini öyrənir, milli tariximizin ayrılmaz bir hissəsi olan veteranların fikir və düşüncələri ilə tanış olaraq mənəvi zənginliklərini artırırlar.

Gənclərlə veteranlar arasında görüşlər gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi baxımından da olduqca faydalıdır. Ulu Öndər Heydər Əliyev xalqımızın milli-mənəvi dəyərlərinin yaşadılmasına, bu dəyərlərin gənclərə təbliğinə xüsusi diqqət və həssaslıqla yanaşıb. Məhz dövlətimizin apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, hazırda gənclərimiz milli tarixə, milli soykökünə, milli-mənəvi dəyərlərimizə olduqca bağlıdırlar. Vətən müharibəsi və onun qürurverici nəticəsi bunu bir daha sübut edir”.

Sonra çıxış edən Bakı Dövlət Universitetinin professoru Ağalar Abbasbəyli Heydər Əliyev ideyalarından, Ulu Öndərin gənclərə münasibətindən, onlara göstərdiyi qayğı və diqqətindən danışıb: “Heydər Əliyev hər zaman gənclərə xüsusi sevgi və qayğı ilə yanaşıb, onların özlərini inkişaf etdirməsini, milli dəyərlərə bağlı şəxsiyyətlər kimi formalaşmasını vacib sayıb. Bu baxımdan Heydər Əliyev irsinin öyrənilməsi və təbliği sadəcə bu günümüz deyil, gələcəyimiz baxımından da mühüm əhəmiyyət kəsb edir”.

"Security Operation Services" (SOS) MMC-nin direktoru Anar Məmmədov isə çıxışında Azərbaycan gənclərinin Vətən müharibəsindəki qəhrəmanlığından bəhs edib, eləcə də gənclərlə veteranlar arasında görüşlərin əhəmiyyətindən danışıb.

Xalq yazıçısı Elmira Axundova 44 günlük Vətən müharibəsinin Azərbaycan gəncliyinin mövcud vəziyyəti ilə bağlı vəziyyəti ən xırda çalarları ilə üzə çıxardığını vurğulayıb. O qeyd edib ki, gənclərin Vətən müharibəsindəki vətənpərvərliyi, yüksək döyüş əzmi onların öz qəhrəman ata-babalarının layiqli davamçıları olduğunu göstərdi.

Respublika Veteranları Təşkilatının sədri Fatma Səttarova isə çıxışında Azərbaycan xalqının Vətən müharibəsindəki Qələbəsinin bütün dünyaya səs saldığını, Türk dünyasının bu Zəfərlə fəxr etdiyini bildirib: “Biz 44 günlük müharibədəki Zəfərimizə görə hər şeydən əvvəl qəhrəman şəhidlərimizə və qazilərimizə, xalqımıza, onun fədakarlığına borcluyuq. Vətən müharibəsində qəhrəman Azərbaycan Ordusunun şanlı Zəfərləri ilə sübut olundu ki, Azərbaycan xalqı yenilməzdir, öz təhlükəsizliyini qorumağa, ərazi bütövlüyünü təmin etməyə qadirdir”.

Daha sonra “SOS” MMC mühafizə xidmətində 44 günlük Vətən müharibəsində iştirak etmiş veteranlardan təşkilata üzvlüyə yeni qəbul edilmiş şəxslərin bəzilərinə vəsiqələr təqdim edilmişdir.

Həmçinin təşkilatın fəaliyyətində yaxından iştirak edən və xidmətdə fərqlənən mühafizə əməkdaşlarından Fərid Həsənov və Kamil Məhhərəmov fəxri fərmanla təltif edilmişdir.

Sonra şirkətin direktoru Anar Məmmədov çıxış edərək gəncləri bayram münasibətilə təbrik etmiş, qarşıdan gələn 7 fevral - Prezident seçkilərində cənab prezident, Ali Baş Komandan İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırmış, bütün kollektivlə birgə ölkə rəhbərinin apardığı daxili və xarici siyasəti bəyəndiklərini və onun ətrafında sıx birləşdiklərini vurğulamışlar.

Tədbirin sonunda sədr Fatma Səttərova doğum günü və yubileyi ilə əlaqədar iştirakçılar adından təbrik olunmuşdur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol