Menu

“Ukraynanın itkiləri deyilən rəqəmlərdən qat-qat azdır...” – Araxamiya Zelenskiyə nə təklif edib?

26.01.2024, 17:58
“Ukraynanın itkiləri deyilən rəqəmlərdən qat-qat azdır...” – Araxamiya Zelenskiyə nə təklif edib?

Ukrayna parlamentinin hakim “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri David Araxamiya hesab edir ki, əhali Ukraynanın müharibədəki itkilərinin real sayı barədə obyektiv məlumat alsa, daha yaxşı olar. Çünki belədə ukraynalılara bu itkilərin “onların düşündükləri qədər böyük olmadığı” məlum olacaq.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, Araxamiya Prezident Volodimir Zelenskiyə Ukraynanın müharibədəki itkiləri ilə bağlı məlumatların məxfiliyini aradan qaldırmağı təklif etdiyini deyib. Lakin Zelenski hələlik bu məsələ ilə bağlı qərar verməyib: "Çıxıb insanlardan itkilər barədə soruşanda, mən heç vaxt 100 mindən az rəqəm eşitməmişəm. Bizim itkilərimiz isə bundan qat-qat azdır".

Bundan əlavə, deputat qeyd edib ki, ukraynalıların böyük səfərbərlik “dalğası” tammiqyaslı işğalın əvvəlində, düşmən qoşunları artıq paytaxt yaxınlığında dayandığı vaxt baş verib. Lakin müharibə “maşınla 10 saata gedilən yerə” keçəndən sonra kiyevlilərin savaşa münasibəti dəyişib: "Bu, ölkənin indiki ən böyük problemidir. Səfərbərlik etməmək mümkün deyil, hamımız bunu başa düşürük. Çünki o zaman biz il yarım əvvələ, onlar Kiyevin yaxınlığında olan dövrə geri qayıdacağıq. O an hamımız yenidən səfərbər olmağa hazır olacağıq. Lakin həmin vaxt bəlkə də çox gec olacaq".

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol