Menu

Rusiya Avropa İttifaqını barışığa çağırır

01.12.2014, 10:01
Rusiya Avropa İttifaqını barışığa çağırır

Rusiya Aİ-ni ona qarşı yürütdüyü sanksiya siyasətini dayandırmağa çalışır və qarşılığında Aİ-nin qida məhsullarına qoyduğu embarqonu aradan qaldıracağına söz verib.

Lakin Aİ Ukraynadakı separatçılara qarşı tədbirlər görülməsini istəyir. Bu haqda “Reuters” xəbər agentliyi məlumat yayıb.

Xatırladaq ki, topdansatış sahəsində rəsmi Moskva Qərbin 9 milyard dollarlıq qida ixracını dayandırmışdı.

Rusiyanın xarici işlər nazirinin müavini Aleksey Meşkov öz çıxışında “Biz Qərbli həmkarlarımızdan fövqəladə heç bir şey istəmirik. İstədiyimiz ancaq mənasız və anlaşılmaz sanksiyaların aradan qalxmasıdır”, - deyə bildirib.

Qeyd edək ki, bu addım Aİ-nin qeyri-qanuni seçki keçirən 13 ukraynalının Aİ-yə gəliş-gedişinə qadağa qoymasından sonra atılıb.

Avropa Komissiyası prezidenti Rusiyanın Krımı işğal etməsi zamanı qeyd etmişdi ki, Rusiyanı dayandırmanın iki yolu var - ya ona qarşı müharibə, ya da iqtisadi sanksiyalar.

“Biz müharibə istəmirik. O səbəbdən iqtisadi sanksiyalar metodunu tətbiq edəcəyik. Rusiya Ukraynanin ərazi bütövlüyünə təcavüzünü dayandırmadan sanksiyalar da aradan qaldırılmayacaq”, - deyə Yunker Lüksemburqda RTL radio stansiyasına müsahibədə bildirib.

Bu həftə Rusiya maliyyə naziri Anton Siluanov qeyd edib ki, neftin qiymətinin aşağı düşməsi və sanksiyalar Rusiya iqtisadiyyatına 130-140 milyard dollarlıq zərər vurub.

“Qanunsuz və qəbuledilməz”

Ukraynadakı münaqişənin sona yetməməsi hər kəsi narahat edir. İmzalanan atəşkəs sazişlərinin davamlı olmaması da münaqişənin həllinin uzanmasına gətirib çıxarır. Separatçıların noyabrın 2-də qeyri-qanuni seçkiləri də vəziyyəti daha da çətinləşdirir.

ABŞ və Aİ bu seçkiləri qeyri-qanuni və qəbuledilməz hesab etsə də, rəsmi Moskva onu tanıyacağını bildirmişdi. Bu da öz növbəsində iki ölkə, Rusiya-Ukrayna arasındakı münaqişəni daha da dərinləşdirdi.

Rəsmi açıqlamalarında Aİ səsvermənin lideri Sergey Kozyakov haqda, “Bu şəxs ərazi bütövlüyünün pozulmasında əsas aparıcılardan biridir. Ukraynanın müstəqilliyinə və suverenliyinə qarşıdır”, - deyə bildirib.

Səsvermə siyahısında olan digər şəxslər də Kozyakovun aqibəti ilə üzləşiblər. /eunews.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol