Menu

İlham Əliyev strategiyasının 5 fundamental nəticəsi

29.01.2024, 14:19
İlham Əliyev strategiyasının 5 fundamental nəticəsi

Azərbaycan iqtisadiyyatı hazırda keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Qlobal iqtisadi çağırışların milli iqtisadiyyata transformasiyası ilə bağlı yeni iqtisadi islahat istiqamətləri meydana gəlmişdir. Hazırda Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifə dayanıqlı iqtisadiyyat qurmaqdan və onu daima inkişaf etdirməkdən ibarətdir.Bu dövlətimizin əsas strateji xəttidir.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı təsdiq olunmuş proqramda dövlətin növbəti 5 strateji prioriteti müəyyən olunmuşdur.

- Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;

- Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;

- Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;

- İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış;

- Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Azərbaycan uğurla bu məqsədlərin həyata keçirilməsi istiqamətində addımlayır. Göstərilən məqsədlərin icrası istiqamətində Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022-2026-ci illərdə sosial-iqtisadi inkişaf strategiyası” təsdiq edilmişdir.

Bu uğurların əldə olunmasının təməl daşını 2003-cü ildən başlayaraq müstəqil Azərbaycana uğurla rəhbərlik edən, Ulu Öndərimiz Heydər Əiyevin dövlət quruculuğu kursunu inamla davam etdirən, ölkənin daxili və xarici siyasətini düzgün müəyyən edən, erməni qəsbkarlarından ölkəmizin ərazilərinin azad olunmasına uğurla rəhbərlik etmiş Ali Baş Komandan İlham Əliyev strategiyası təşkil etmişdir. İkinci Qarabağ Müharibəsində əldə olunan qələbə ilə Azərbaycanda mahiyyət etibarı ilə yeni inkişaf mərhələsi başlanmışdır. İşğaldan azad olunmuş ərazilərin minalardan tezliklə təmizlənməsi, orada iqtisadiyyatın inkişaf etdirilməsi və onun ölkə iqtisadiyyatına reinteqrasiya edilməsi və eləcə də regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir.

Öz ərazilərini erməni qəsbkarlarından təmizləməklə Azərbaycan xalqı hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu, Qafqazın lider dövlətinə çevrildi. Hazırda Azərbaycan dövləti Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdış planına əsasən öz doğma yurd-yuvalarını tərk etmiş vətəndaşlarımızın əzəli torpaqlarına qayıtmasını reallaşdırmaq sahəsində böyük işlər görür. Dövlətimizin Böyük Qayıdışla bağlı əsas strategiyası dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə inteqrasiya olumaqdan ibarətdir.

İlham Əliyevin həyata keçirdiyi strategiya öz nəticələrini göstərir. Son 10 ildə əldə olunmuş 5 əsas fundamental nəticə bu strategiyanın nə qədər düzgün təşkil edildiyini göstərir: qalib dövlət, beynəlxalq nüfuz, təhsilli cəmiyyət, böyük iqtisadi potensial, yüksək rifah. Əldə olunmuş nailiyyətlər son 10 ildə həyata keçirilən genişmiqyaslı hədəflərə hesablanmış islahatların nəticəsidir.

Qeyd etmək lazımdır ki, son 10 ildə ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik əldə edilmiş, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunmuşdur. Bu dövrdə milli iqtisadiyyat 15% böyümüş, qeyri-neft/qaz Ümumi Daxili Məhsul (ÜDM) isə 1,4 dəfə artmışdır. Düzgün həyata keçirilən strategiya nəticəsində ölkə iqtisadiyyatının strukturunda dəyişiklik yaranmış, qeyri-neft sektorunun payı xeyli yüksəlmişdir. Belə ki, qeyri-neft/qaz sektorunun payı 2011-ci ildəki 48,8%-dən 2021-ci ildə 62,2%-ə çatmışdır.

Bu dövrdə qeyri-neft/qaz sənayesi 2,3 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, informasiya və rabitə sahəsi isə 2,4 dəfə böyümüşdür. İqtisadiyyatda kiçik və orta biznesin xüsusi çəkisi artmışdır.Bu dövrdə qeydiyyatda olan KOB subyektlərinin sayı 1.3 dəfə artmış, qeyri-neft/qaz ÜDM-də payı isə 23,7% təşkil etmişdir.

Qeyd etməliyik ki, son 20 il ərzində dövlət büdcəsinin illik sosial xərcləri 20 dəfədən çox artmışdır.Həmçinin bu müddət ərzində minimum əmək haqqı 38 dəfə, orta aylıq əmək haqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 19 dəfə artmışdır. Son 20 il ərzində çoxlu iş yerləri açılmış, 60-dan çox yeni elektrik stansiyaları istismara verilmişdir.Təhsil və səhiyyə sistemində böyük nailiyyələr əldə edilmişdir.Ölkədə təhsilə çıxışın yaxşılaşdırılması məqsədilə müasir texnologiyaya əsaslanan təhsil infrastrukturu yaradılmışdır.

Son 20 ildə ölkədə əldə olunan genişmiqyaslı nailiyyətlər Azərbaycan xalqının lideri olan İlham Əliyev cənablarının apardığı strategiyanın nə qədər düzgün,uğurlu olduğunu bir daha təsdiqləyir.

Aygün Ələsgərova

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Biznes və logistika” kafedrasının dosenti

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol