Menu

"Ağ Ev İrana qarşı gizli əməliyyat keçirə bilər..." - Elxan Şahinoğlu

29.01.2024, 11:27
"Ağ Ev İrana qarşı gizli əməliyyat keçirə bilər..." - Elxan Şahinoğlu

"İran müxtəlif ölkələrdə ona bağlı olan qrupları həm maliyyələşdirir və silahlandırır, həm də əmrlər verir". 

"AzPolitika.info" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Yaxın Şərqdə baş verən son hadisələri şərh edərkən bildirib.

"Bu təbiidir, pulu verən musiqini də sifariş verir", - o əlavə edib.

Buna baxmayaraq, İrandan pul və silah alan qrupların bir sıra hallarda Tehranı xəbərdar etmədən müstəqil qərarlar verməsi də mümkündürmü? Misal üçün ABŞ-nin İordaniyadakı hərbi bazasına hücum olub və amerikalı hərbçilər arasında ölənlər var.

Politoloq hesab edir ki, Vaşinqton buna seyrçi qalmayacaq. O, xatırladır ki, ABŞ Prezidenti Cozef Bayden İranı cəzalandıracağını açıqlayıb: "Ağ Ev İrana qarşı gizli əməliyyat keçirmək imkanları nəzərdən keçirir. İranda bu yaxınlarda güclü partlayış nəticəsində xeyli ölən oldu. İran buna cavab olaraq İraq və Pakistan ərazilərinə zərbələr endirdi və bu, Tehranın qonşu ölkələrlə münasibətlərində əlavə gərginlik yaratdı.Tehranın bu vəziyyətdə nəzarətindəki silahlı qrupları ABŞ hərbi bazasına hücuma həvəsləndirmək nəyinə lazım idi? Axı Tehran məntiqlə ABŞ ilə əlavə gərginlikdən çəkinməlidir, çünki İrandakı dairələr cavabın necə və hansı formada olacağını müəyyənləşdirə bilməzlər"

E.Şahinoğlunun sözlərinə görə, İranda qərar verən müxtəlif mərkəzlərin məntiqi olsaydı, Yəməndəki husiləri Qırmızı dənizdə ticarət gəmilərinə hücumlara həvəsləndirən dəstək açıqlamaları verməzdilər, qonşu Azərbaycanla münasibətləri normallaşdırmaq üçün zəruri addımlar atardılar. 

"Bu baxımdan ABŞ-nin Yaxın Şərqdəki hərbi bazasına hücumun da arxasında eyni “məntiq” dayanır", -ekspert vurğulayıb.

Rasim Əliyev

"Azpolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol